Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Biləsuvar rayonunun İsmətli kənd sakini olan qadının özünü və azyaşlı oğlunu kənd ərazisindən keçən su kanalına atması ilə bağlı açıqlama verib.
Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu Modern.az-a bildirib ki, məsələ barədə Biləsuvar Rayon İcra Hakimiyyətinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu ilə əlaqə saxlanılıb.
O qeyd edib ki, Dövlət Komitəsinə verilən məlumata əsasən, hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən başlanılmış əməliyyat-istintaq tədbirləri davam edir.
T.Mərdanoğlunun sözlərinə görə, Dövlət Komitəsi məsələni nəzarətdə saxlayır:
"Bir daha əhaliyə müraciət edərək bildiririk ki, bu cür xoşagəlməz hadisələrin baş verməməsi üçün ailələrdə zorakılıq halları ilə bağlı əvvəlcədən xəbərdar olan şəxslər bizi məlumatlandırsınlar. Bunun üçün bizim 860 qaynar xəttimiz fəaliyyət göstərir".

Xatırladaq ki, avqustun 14-ü saat 08 radələrində Biləsuvar rayon sakini Reyhan Hacıyeva günün 07 radələrində rayonun İsmətli kəndi ərazisindən keçən su kanalına intihar etmək məqsədi ilə özünü və oğlunu atıb, nəticədə Zakir Hacıyev (ad şərtidir) suda boğularaq ölüb. Reyhan Hacıyeva (ad şərtidir) isə kənd sakinləri tərəfindən sudan çıxarılıb.
Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb.
Reyhan Hacıyeva (ad şərtidir) şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Fidan İlqar