Xüsusi Təyinatlı Qüvvələrin Vətən müharibəsində şəhid olan giziri İntiqam Əsgərlinin doğum günüdür.
Modern.az-ın məlumatına görə, İntiqam Bayram oğlu Əsgərli 16 avqust 1990-cı ildə Masallı rayonunun Kalinovka (indiki Viləş) kəndində anadan olub.
1997-ci ildə S.Hacıyev adına indiki Viləş kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 2008-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurub. Türkiyədə kəşfiyyat kursunu bitirib və bu sahənin incəliklərini öyrənib.
İ.Əsgərli 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Şuşaya qədər döyüşlərdə iştirak edib. Gizir Şuşanı azad edən hərbçilərimizdən biridir. Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. İntiqam Əsgərli Aprel döyüşlərində də iştirak edib. Onun qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhid olub. Qardaşının nəşini döyüş meydanından özü çıxarıb və bir gün intiqamını alacağına söz verib. Qəhrəman gizirimiz Şuşa döyüşlərində sözünü tutdu, şəhid qardaşının qisasını aldı. Bu yolda özü də şəhidlik zirvəsinə ucaldı.
Şəhid gizirimizin nəşi doğma kəndində torpağa tapşırılıb. Ailəli idi. Qızı Nur və oğlu İntiqam yadigar qalıb. İ.Əsgərlinin şəhid olmasından sonra dünyaya gələn oğluna şəhidimizin şərəfinə İntiqam adı verilib.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən İntiqam Əsgərliyə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib. Bundan başqa şəhid gizirimiz "Vətən uğrunda" və "Şuşanın azad olunmasına görə" medalı ilə də təltif edilib.
Viləş kəndinin mərkəzi küçəsi İ.Əsgərlinin qardaşı, Aprel şəhidi Nurlan Əsgərlinin adını daşıyır.