Modern.az

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri var” - Komitə sədri

“Azərbaycan-Türkiyə münasibətlərinin tarixi kökləri var” - Komitə sədri

Aktual

16 Avqust 2021, 18:48

" “Bu gün dünya miqyasında Türkiyə ilə Azərbaycan qədər bir-birinə yaxın olan ölkələr yoxdur“ Bu sözləri Prezident İlham Əliyev 2021-ci il 14 avqust tarixində “CNN Türk” televiziya kanalına verdiyi müsahibədə söyləyib. Bu birlik, həmrəylik, qardaşlıq sözdə deyil, əməldədir. Türkiyə və Azərbaycan arasında ortaq tarix və ortaq etnik köklər mövcuddur".

 

Bunu Modern.az-a Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deyib.

 

Komitə sədri bildirib ki, son 18 il ərzində həm Türkiyə, həm Azərbaycan tərəfindən vahid siyasət formalaşdırılıb.  

 

"Ulu Öndər Heydər Əliyevin məşhur kəlamı var: “Bir millət, iki dövlət”. Bu sözlər bizim üçün işıqlı bir yoldur. Bu sözlərə sadiq olaraq ölkələrimiz hər bir istiqamət üzrə əlaqələri daha da gücləndirir və yüksək səviyyəyə çatdırır. Türkiyə hər zamankı kimi  İkinci Qarabağ savaşı dönəmində də yanımızda oldu.  Prezident İlham Əliyevin söylədiyi kimi: “ Türkiyə amili olmasaydı, ermənipərəst qüvvələr, ölkələr, ermənilərin hamiləri burunlarını soxacaqdılar və bizə böyük problemlər yaradacaqdılar. Bizim həmrəyliyimiz və bir-birimizə etdiyimiz yardımlar təbiidir. Şuşa Bəyannaməsi qardaşlıq münasibətlərinin zirvəsidir”. Türkiyə ikinci Qarabağ savaşında Azərbaycana hərtərəfli dəstək oldu. İlk növbədə, ikinci Qarabağ savaşının ilk saatlarında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qətiyyətli açıqlamaları çox böyük və müsbət rol oynadı. O demişdir ki, Türkiyə Azərbaycanın yanındadır və Azərbaycanın haqq işində Türkiyə Azərbaycana siyasi və mənəvi dəstək verir və verəcəkdir. Bunun çox böyük mənası var idi. Çünki bu, bir çoxlarını məsələyə müdaxilə etməkdən çəkindirdi.  Bəzi ölkələrin İkinci Qarabağ savaşı dönəmində sərgilədikləri siyasi mövqe onu göstərir ki, onlar Ermənistan tərəfində idilər. Türkiyədən alınmış müasir silahlar, bayraktarlar daxil olmaqla, bizim işimizi çox yüngülləşdirdi və insan itkisinin çox olmamasına  səbəb oldu.

Azərbaycan da hər zaman qardaş Türkiyənin yanında olduğunu bildirir və  köməyini əsirgəmir. Bu tarix boyu belə olub, indi də eynidir. Türkiyədə baş vermiş  son yanğınların söndürülməsində Azərbaycan yaxından iştirak edib. Yanğınlardan xəbər tutan kimi ölkəmiz dərhal hərəkətə keçdi və hadisə bölgələrinə Fövqəladə Hallar Nazirliyinin canlı qövvəsi və yanğınsöndürən texnikaları göndərildi. Belə ki, Türkiyədəki yanğınların söndürülməsində ölkəmizdən  93 yanğınsöndürən maşın, 700-dən çox yanğınsöndürən iştirak edib".

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı