Modern.az

“21 il ev növbəsində olmaq nə deməkdir?” – Şəhid xanımı

“21 il ev növbəsində olmaq nə deməkdir?” – Şəhid xanımı

Aktual

17 Sentyabr 2021, 19:10

Avqustun 16-da Birinci Qarabağ müharibəsində şəhid olmuş Elçin Şükürovun həyat yoldaşı Çimnaz Baxşıyeva Modern.az saytına müraciət edərək, 21 ildir növbədə olmasına baxmayaraq, dövlətin şəhid ailələri üçün ayırdığı binalardan mənzil ala bilməməsindən şikayətlənmişdi.  

 

Həmin müraciətin saytımızda dərc olunmasından bir ay keçsə də, Çimnaz xanımın problemi həll olunmayıb.

 

Çarəsiz qalan şəhid xanımı yenidən əməkdaşımızla telefon əlaqəsi saxlayaraq,  aidiyyatı qurumların onun şikayətinə baxmadığını və laqeyd münasibətlə üzləşdiyini söyləyib.

 

“Müraciətim sizin saytda dərc olunandan sonra Suraxanı Rayon İcra Hakimiyyətindən zəng etdilər. Dedilər ki, sizdən rüşvət istənildiyini deyirsiniz. Mən də bildirdim ki, bu hadisə 2000-ci ildə olmuşdu. Ondan sonra heç bir qurum mənimlə əlaqə saxlamadı. Sizdən xahiş edirəm, mənim müraciətimi dövlət qurumlarına çatdırasınız. Niyə belə rəftar edirlər, bilmirəm. 21 ildir ev növbəsində olmaq nə deməkdir? Bəlkə də ölkədə 21 ildir ev növbəsində olan tək mənəm. Hazırda səhhətimdə müəyyən problemlər var. Mən də normal şəraitdə yaşamaq istəyirəm. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən mənimlə əlaqə saxlayıb, şikayətimin nədən ibarət olduğunu belə soruşmurlar”, - şəhid xanımı vurğulayıb.

 

Çimnaz Baxşıyevanın şikayətinə aydınlıq gətirmək üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, sualımıza cavab ala bilmədik. 

  

Xatırladaq ki, Şükürov Elçin Siyavuş oğlu 1962-ci il sentyabrın 6-da Bakı şəhərində anadan olub. O, 1992-ci ildə könüllü olaraq döyüşə qatılıb. Ağdərə istiqamətində gedən döyüşlər zamanı Qozlu kəndində şəhid olub. Birinci Fəxri Xiyabanda dəfn olunub.

  

Humay İsgəndərova

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı