18 sentyabr - Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur. Ümummilli lider Heydər Əliyevin Fərmanına əsasən, bu gün münasibətilə hər il Azərbaycanın müxtəlif bölgələrində silsilə tədbirlər keçirilir.
Görkəmli bəstəkarın anadan olduğu gün həm də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq Musiqi Festivalının açılışı ilə əlamətdardır. Sentyabrın 18-dən başlayaraq, 24-dək davam edəcək Üzeyir Hacıbəyli XIII Beynəlxalq Musiqi Festivalının zəngin proqramında Azərbaycanın bədii kollektivləri, solistləri ilə yanaşı, ABŞ və Polşadan dəvət olunmuş musiqiçilərin də çıxışları yer alır.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın qətiyyəti, Ordumuzun şücaəti nəticəsində tarixi ədalət bərpa edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Şuşa şəhərinin Azərbaycanın Mədəniyyət Paytaxtı elan olunması nəzərə alınaraq, builki festivalın ilk konsertlərindən biri də Şuşa şəhərində keçirilir.
Milli Musiqi günündə Xalq artisti Ağaverdi Paşayevin rəhbərliyi altında F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı və tanınmış solistlərin iştirakı ilə Şuşada açıq havada konsert təşkil olundu.
Şuşa Üzeyir musiqisi üçün çox darıxmışdı. Nəhayət, o gün gəlib çatdı, azad Şuşada Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin ölməz əsərləri səsləndirildi. Şuşanın dağlarında Üzeyir musiqisinin sədası yayıldı. 28 ildən sonra erməni işğalından azad edilən Şuşada belə bir festivalın keçirilməsi hər bir azərbaycanlının arzusu idi və bu arzu artıq reallığa çevrildi.
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, o cümlədən Şuşada uzun illər tarixi, mədəni abidələrimiz dağıdılıb, ev muzeyləri qarət edilib. Onların arasında Üzeyir Hacıbəylinin, Xurşidbanu Natəvanın, Bülbülün Şuşadakı büstləri də var. Güllələnmiş bu büstlər erməni vandalizminin şahidləridir.
Prezident İlham Əliyev hələ Vətən müharibəsindən öncə qeyd etmişdi ki, ərazi bütövlüyümüz bərpa edildikdən sonra Üzeyir Hacıbəylinin, Natəvanın, Bülbülün büstləri yenə Şuşada qoyulacaq. Azərbaycan Prezidentinin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada, yenidən əvvəlki yerlərində qədim Azərbaycan şəhərinə gələn qonaqları salamlayır.
Tədbirdə iştirak edən nümayəndə heyəti Xalq artisti Bülbülün evini və Natəvan bulağını ziyarət edib, tanınmış şuşalılar Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri önünə gül dəstələri qoyublar.
Musiqi Gününü giriş sözü ilə açan Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov bildirib ki, 1995-ci ildən Ulu Öndər Heydər Əliyevin fərmanına əsasən hər il ölkəmizin müxtəlif bölgələrində keçirilən Milli Musiqi Günü bu il Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəmir iradəsi və Müzəffər ordumuzun rəşadəti sayəsində Şuşada təşkil olunub:
“Bu gün keçirilən tədbirin xüsusi əhəmiyyəti var. Milli Musiqi Günümüz vaxtı ilə erməni vandallarının dağıtdığı və 29 avqust tarixində cənab Prezidentin iştirakı ilə açılışı olan Üzeyir bəyin heykəli qarşısında keçirilib. İkinci səciyyəvi məqam odur ki, bu gün çıxış edən Fikrət Əmirov adına Mahnı və Rəqs ansamblı düz 85 il əvvəl dahi bəstəkar tərəfindən yaradılıb.Çox sevinirik ki, bizim üçün əlamətdar olan Musiqi Gününü qeyd edərkən Qarabağımız, Şuşamız azaddır. Ali Baş Komandanımız və müzəffər ordumuz bizə bu sevinci bəxş edib. Şuşamıza ruhumuzu və mədəniyyətimizi qaytarmışıq. Görkəmli şəxsiyyətimiz Üzeyir Hacıbəylinin və digər qarabağlı mədəniyyət və incəsənət xadimlərinin ruhları şaddır ki, onlar öz mədəniyyətlərinə, torpaqlarına qovuşublar. Azərbaycan mədəniyyətini, Üzeyir Hacıbəyli mirasını, onun yaratdığı ölməz əsərləri həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə təbliğ edəcəyik.
Şuşaya “Böyük Qayıdış”dan da söz açan Aydın Kərimov vurğulayıb ki, Şuşa mədəniyyət paytaxtıdır, burada yaşayış bir çox şəhərlərdən fərqli olacaq:
“Şuşada ağır sənaye müəssisələri olmayacaq, sırf turizm və mədəniyyət yönümlü obyektlərin inşası və inkişaf etdirilməsi nəzərdə tutulur. Bu məqsədlə də Azərbaycan Prezidenti tərəfindən Şuşa Dövlət Qoruğu İdarəsi yaradılıb. Bu Qoruq İdarəsinin fəaliyyəti çox geniş miqyaslı olacaq, Xüsusi Nümayəndəliyin nəzarəti altında bu fəaliyyət aparılacaq.
Şuşada hər gün yeniliklər baş verir, infrastruktur bərpa edilir, tikinti işləri aparılır. Qarşıdan qış mövsümü gəlir, Şuşada istilik sistemlərinin bərpasına başlanıb. Prezidentin tapşırığına uyğun olaraq, aidiyyəti qurumlarla bu işin öhdəsindən 80-90 faiz gəlmişik. Yaxın bir ay ərzində həm enerji təchizatı, həm istilik təchizatı baxımından ilkin mərhələdə tələb olunan qurğular və avadanlıqlar istismara veriləcək”.
Üzeyir Hacıbəylinin heykəlinin ucaldığı parkda baş tutan ilk konsert proqramında Xalq artisti Mənsur İbrahimov, ,Əməkdar artistlər Qoçaq Əsgərov, Anar Şuşalı, Nərgiz Kərimova, Arzu Əliyeva və digər ifaçılar milli musiqi sənətimizin əsrarəngiz nümunələrini təqdim ediblər.
Konsert proqramı "Qarabağ şikəstəsi" ilə başa çatıb.
Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”” mövzusunda dərc olunub
