Avropa İttifaqı regionda sülhün və təklükəsizliyin təmin olunmasına öz töhfəsini verə bilər.
Elan etdiyi prinsiplərə uyğun davranacağı təqdirdə Avropa İttifaqı regionda sülhün və təklükəsizliyin təmin olunmasına, iqtisadi inkişaf və rifaha öz töhfəsini verə bilər.
Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Millət vəkili işğaldan azad edilən ərazilərimizin ermənilər tərəfindən viran qoyulduğunu, infrastrukturun darmadağın edildiyini, yaşayış məntəqələrimizin yaşayış üçün yararsız vəziyyətə salındığını bildirib:
“Buna baxmayaraq, cənab Prezidentin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində dediyi kimi Avropa İttifaqı Azərbaycan ərazilərində baş verən bütün dağıntıların səbəbkarı olan Ermənistana 2,6 milyard avro həcmində yardım ayırıb. Təbii ki, belə bir yanaşma uzun illərdən bəri Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayan, bütün maneələrə baxmayaraq öz öhdəliklərinə sadiq qalan, işağldan azad etdiyi ərazilərinin yenidən qurulması və bərpası, bir milyona yaxın vətəndaşının öz doğma yurdlarına köçürülməsi və onların təhlükəsiz həyatının təmin edilməsi üçün, buna öz imkanları yetsə də belə böyük maliyyə resurslarına ehtiyac duyan Azərbaycana münasibətdə ədalətli sayıla bilməz. Avropa İttifaqı ən azı sözügedən həcmdə məbləği və eyni şərtlərlə Azərbaycana da təklif etməlidir”.
Azər Kərimlinin sözlərinə görə, Avropa İttifaqı işğaldan azad edilmiş Azərbaycan ərazilərinin bərpası, məcburi köçkünlərin repatriasiyası,regionda davamlı sabitliyin təmin olunması baxımından çox iş görə bilər: “Avropa İttifaqının müvafiq təsisatlarının Azərbaycanla uzunmüddətli və nəticələri hər iki tərəfin mənafeyinə xidmət edən zəngin iş təcrübəsi var. Bu təcrübə qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra daha geniş spektrdə davam etdirilməsinə töhfə verə bilər. Digər tərəfdən bu, həm Azərbaycanın, həm Avropa İttifaqının, həm də bölgə dövlətlərinin maraqlarına uyğundur. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, Azərbaycan Avropa İttifaqına dürüst vasitəçi kimi etibar edir və bu da uzunmüddətli əməkdaşlıqdan doğan etimadın göstəricisidir. Məhz buna görə də, Aİ-nin bölgədəki proseslərdə fəal və ədalət prinsiplərini, bərabərliyi qoruyaraq iştirak etməsi mühüm əhəmiyyət kəsb edir”.
Modern.az