Modern.az

Xaricdə təhsil proqramında yeni MƏRHƏLƏ - Nələr dəyişəcək?

Xaricdə təhsil proqramında yeni MƏRHƏLƏ - Nələr dəyişəcək?

Current

3 Oktyabr 2021, 10:35

Prezident İlham Əliyev “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramının layihəsini iki ay müddətində hazırlayıb, prezidentə təqdim etmək tapşırılıb.


Qeyd edək ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı bundan öncə 2007-2015-ci illərdə tətbiq edilib. Həmin proqramın yekunlaşmasından sonra yeni qanun qəbul edilməyib.
Prezidentin müvafiq sərəncamı və tapşırıqları haqqında danışan təhsil naziri Emin Əmrullayev birinci dövlət proqramı vasitəsilə təhsil alan tələbələrin əksəriyyətinin ölkəyə qayıdaraq, burada işlədiyini söyləyib. Nazir bildirib ki, yeni proqram hazırlanarkən xaricə oxumaq üçün gedən şəxslərin geri qayıtması ilə bağlı nüanslar da nəzərə alınacaq:


“Hökumət vətəndaşlar üçün belə imkan yaradırsa, həmin şəxslərin Azərbaycanın inkişafına töhfə vermələri də vacib məsələdir. Bir neçə seçim meyarları arasından ən uyğununun seçilməsi üzərində düşünülür. Universitetlər və ya ayrı-ayrı komissiya tərəfindən seçim edilə bilər. İstənilən halda seçim prosesinin şəffaf, çoxtərəfli olmasının tərəfdarıyıq. Proqram ildə təxminən 300-400 nəfərin xaricə göndərilməsi nəzərdə tutulur”.


Təhsil naziri onu da qeyd edib ki, xaricdə təhsil alan məzunlarla bağlı layihələndirmə qrupunda koordinasiya mərkəzinin yaradılması planlaşdırılır:


“Bu istiqamətdə məsləhət xidməti formatında ideya var, lakin proqram təsdiq olunduqdan sonra daha dəqiq nəsə demək mümkün olacaq”.

 


Xaricdə təhsil mövzusunun həmişə Azərbaycan üçün vacib məsələ olduğunu vurğulayan Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Anar İsgəndərli isə düşünür ki, tarix boyu Qərb düşüncəsində, Qərb texnologiyasında üstünlük özünü göstərib:

 


“Bizim isə üzərimizə düşən iş həmin üstünlüklərdən, texnologiyalardan lazımınca istifadə edib, özümüzü inkişaf etdirməkdir.

 


Sovet dönəmində SSRİ-dən kənara çıxmaq yox idi. İttifaqın ən nüfuzlu ali məktəbləri hansılar idisə, orada oxumaq mümkün olurdu. Ümummilli lider Heydər Əliyev hakimiyyətə gələndən sonra bu prosesdən uğurla istifadə etdi. Minlərlə azərbaycanlı onun sayəsində SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil aldı.


Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra fasilələrlə xaricdə təhsil üzrə dövlət proqramları işləndi, bu istiqamətdə uğurlarımız artdı.


Yenidən Azərbaycan prezidentinin xaricdə təhsil üçün sərəncam imzalaması, tapşırıq verməsi o deməkdir ki, bu sahənin inkişafına ehtiyac var.


Azərbaycan həmişə inkişaf etmiş dünya ölkələri ilə inteqrasiya şəraitindən istifadə edib. Bu gün də proses həyata keçirilir. Azərbaycan təhsilinin xarici təcrübəyə olan tələbatını yeni hazırlanacaq dövlət proqramının ödəyə biləcəyini düşünürəm. Əminəm ki, Azərbaycan gəncləri yenidən xaricdə təhsil alaraq ölkəmiz üçün faydalı sahələrin inkişafına töhfə verə biləcəklər və təhsil siyasəti daha aktiv, uğurlu şəkildə davam etdiriləcək”.



Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təhsil eksperti Elçin Süleymanov da prezidentin yenidən xaricdə təhsil proqramı ilə bağlı tapşırıqlar verməsini mütərəqqi hesab edir:

 


“Xaricdə təhsil bütün zamanlarda, bütün ölkələrdə prioritet olub. Çünki müəyyən sahələr, ixtisaslar üzrə mütəxəssislərin hazırlanması üçün bəzən ölkədəki potensial yetməyə bilər. Burada sadəcə insan kapitalından söhbət getmir. Eyni zamanda maddi texniki bazanın zənginliyi, laboratoriyaların yaradılması kimi məsələlərə bir çox ölkənin büdcəsi yetmir. Dünyanın reytinqli top universitetləri var ki, onların büdcəsi bir çox ölkənin büdcəsindən qat-qat çoxdur.

 


Bu şəkildə universitetlərin qurulması çox zaman mümkün olmadığına görə keçici bir həll yolu olaraq mütəxəssislərin hazırlanması məqsədilə xaricə tələbələr göndərilir. Ən istedadlı, bilikli və bacarıqlı tələbələri xaricdə təhsil üçün göndərmək lazımdır. Dövlətin xərclədiyi vəsaitin qarşılığını alması həmin kadrların ölkəyə qayıdaraq burada fəaliyyətini qurmasından asılıdır.

 


Xaricdə təhsil üzrə əvvəlki dövlət proqramında 3 mindən artıq azərbaycanlı gənc xaricdə təhsil aldı. Onların əhəmiyyətli bir hissəsi ölkəyə geri qayıtdı. Digər hissəsi isə dövlət qurumlarında uğurlu fəaliyyəti ilə seçilirlər. Bir neçə il öncə bu proqram mahiyyət olaraq yeniləndi. Belə ki, universitetlərin rəqabət qabiliyyətinin artırılması məqsədilə ikili diplom mexanizmi tətbiq edildi. Xaricdə doktorantura təhsili üçün gənclərin göndərilməsi həyata keçirilir. Həmin gənclər xaricə göndərilərkən öhdəlik götürürlər ki, qayıdıb həmin təhsil müəssisəsində işləyəcəklər”.

 


Elçin Süleymanov qeyd edib ki, dövlət proqramı dayandırıldığına görə, bakalavr və magistratura ilə əlaqədar dövlət hesabına xaricdə təhsil almaqda müəyyən problemlər yaranmışdı:


“Gənclər yalnız Dövlət Neft Şirkətinin vəsaiti hesabına xaricdə təhsil alırdılar. Digər bir qisim isə müxtəlif ölkələrin təqaüd proqramlarını qazanmaqla xaricdə təhsildən yararlanırdılar.

 


Xaricdə təhsil üzrə yeni dövlət proqramının hazırlanması, prezidentin tapşırığı mütərəqqi addımdır.

 

Çünki sadəcə doktorantura təhsili deyil, xaricdə magistr və bakalavr təhsili də faydalı ola bilər. Əsas məsələ budur ki, prioritet universitetlər və ixtisaslar düzgün seçilməlidir. Elə universitetlərə tələbə göndərilməlidir ki, təhsilin keyfiyyətini sübut edib, bura vəsait xərcləməyə dəysin. Həmin gənclərin isə təhsilini başa vurduqdan sonra geri qayıdıb, müəyyən müddət ölkəyə töhfə verməsi vacibdir. Çünki müxtəlif ixtisaslar üzrə, gen mühəndisliyi, kompüter elmləri genetika, fiziologiya və s. kimi xüsusi laboratoriyalar, texniki imkanlar tələb edən sahələr üzrə xaricdə təhsil çox faydalı ola bilər. Təhsilə ayrılan investisiya itməz. Müəyyən vaxt sonra qat-qat artıq gəlirlə geri dönər”.

 

 Aysel Aslan



Yazı Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda dərc olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı