Modern.az

Ermənistanın müharibə cinayətləri

Ermənistanın müharibə cinayətləri

Aktual

5 Oktyabr 2021, 11:36

Cənab Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində 44 günlük müharibənin gedişində və üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanın törətdiyi müharibə cinayətlərini bir daha dünyaya bəyan etdi.

 

Məlum olduğu kimi, müharibə siyasətin başqa vasitələrlə, zor gücü ilə davamı olsa da, bəlli bir müharibə siyasəti də mövcuddur. Azərbaycan ərazilərini işğal edən Ermənistan çoxlu müharibə cinayətləri – soyqırımlarını törədib, mülki əhalini xüsusi amansızlıqla qətlə yetirib, şəhər və kəndləri, tarix və mədəniyyət abidələrini, özlərinə məxsus olmayan kilsələri məhv edib. 44 günlük müharibədə Ermənistan həmin cinayətlərini qəddarlıqla yenidən davam etdirdi. Müharibə günlərində Ermənistan iki başlıca sahədə ağır müharibə cinayəti törətdi.

 

Birincisi, açıq döyüş meydanında məğlub olan işğalçı ölkə mülki əhali yaşayan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini, Füzuli rayonunun Horadiz qəsəbəsini, Goranboy, Tərtər, Ağdam rayonlarını, Mingəçevir, Beyləqan, Bərdə, Tərtər, Ağcabədi, Füzuli, Horadiz və Gəncəni, Ermənistan ərazisindən isə Şəmkir rayonunun ərazisini raket atəşinə tutdu, nəticədə mülki obyektlərə ziyan dəydi və dinc sakinlər qətlə yetirildilər. Bununla işğalçı ölkə müharibənin aparılmasına dair imzaladığı beynəlxalq konvensiyaları kobud surətdə pozdu və hərbi cinayət törətdi. Müqayisə üçün qeyd etmək lazımdır ki, İkinci Dünya müharibəsi illərində Polşanı işğal edən nasist Almaniyası Krakov şəhərinin gözəl memarlıq abidələrini görüb şəhəri tutarkən ağır silahlardan istifadə etmədi ki, ziyan dəyməsin. Nasizmin dövlət siyasətinə çevrildiyi Ermənistan isə 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış yerlərinin, tarix və mədəniyyət abidələrinin altını üstünə çevirib.

 

Ədalətli, ərazilərini işğaldan azad etmək uğrunda Vətən müharibəsi aparan Azərbaycan dövləti isə hərbi əməliyyyatların başlanğıcından elan etdi ki, əsas hədəfi işğalçı qüvvələr və hərbi obyektlərdir, mülki əhali deyildir. Bu, Azərbaycan və Ermənistanın müharibə siyasətinin bir-birindən köklü şəkildə fərqləndiyini göstərdi. İkincisi, Ermənistanın növbəti cinayət üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan ərazilərinə terrorçuları göndərmək və həyasızlıqla onları hərbi əsirlər adlandırmasıdır. Bu, Ermənistanın təkcə imzasına hörmət etmədiyini göstərmir (onsuz da dünyada nəinki sözünə, hətta imzasına tüpürən bir ölkə varsa, o da Ermənistandır), eyni zamanda bəyanatın altında imzası olan Rusiyaya qarşı etdiyi çoxsaylı xəyanətlərindən biridir. Sual yaranır: nə üçün qabaqcıl dünya uzun illər keçsə də, düzgün olaraq nasizmi ittiham edir, amma gözü qarşısında nasizmi və terrorizmi dövlət səviyyəsinə qaldıran, ona xəyanət edən Ermənistana bir söz demir? Bu, nədən qaynaqlanır? Bunun adı nədir?

 

Musa Qasımlı

Millət vəkili, AMEA-nın müxbir üzvü, professor

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı