Əkbər Bahadur oğlu Hüseynov - 11 iyul 2001-ci ildə Bakı şəhərinin Sabunçu rayonunda anadan olub.
Modern.az Media Türk TV-yə istinadən xəbər verir ki, Azərbaycan ordusunun manqa komandiri 29 sentyabr 2020- ci ildə Talış kəndi istiqamətində gedən döyüşlər zamanı şəhid olub. 30 sentyabr 2020- ci ildə Sabunçu rayonu Şəhidlər xiyabanında dəfn olunub. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərancamına uyğun olaraq “Vətən uğrunda” medalı ilə təltif olunub. Əkbər Bahadur oğlu Hüseynov subay idi.
“Burada vəziyyət sazdır, görüşərik”, - demişdi Əkbər. Amma qismət olmadı. Hüseynovlar ailəsinin sonbeşiyi olan Əkbərin atası deyir “mən təkcə oğlumu yox, həm də dostumu itirdim”.
Anası Tahirə xanımın hələ də gözü yolda, qulağı səsdədir. Bəlkə Əkbər gələr, bu qorxulu kabus bitər deyə. Hələ də onunla son danışıqları xatırlayır, elə təsəllini də xatirələrdə tapmaq istəyir.
Əkbər xidmətə getməmişdən öncə dostları ilə yığıncaq keçirib. Anası o gün haqqında danışanda göz yaşlarına hakim ola bilmir.
Tahirə xanım deyir sanki balam hiss edibmiş….hiss edib ki, Şəhid olacaq. Əkbər xidmət zamanı iki dost, qardaş qazanıbmış. Ailəsi ilə danışında da tez tez onlardan söz edərmiş.
Əkbərin ömrünün hər anı bir xatirəyə çevrildi. Acı da olsa Hüseynovlar ailəsi ondan qalan şəkillərə, videolara baxaraq ovunur, onsuzluqla barışmağa çalışırlar.