Azərbaycan Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-də erməni təxribatının qarşısını almaq məqsədi ilə əks-hücum əməliyyatlarına başladı. 44 gün davam edən Vətən müharibəsində düşmən ordusu darmadağın edildi və noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur oldu. Düşmən qüvvələrinin qalıqları noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisini tərk etdi. 28 il düşmən tapdağında qalmış Ağdam yenidən azadlığına qovuşdu. Qısa vaxtda rayonda təhlükəsizlik tədbirlərinə başlanıldı.
Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən də bu tədbirlər çərçivəsində genişmiqyaslı işlər görüldü.
İşğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı vasitələrin səbəb olduğu təhlükəni nəzərə alaraq polis əməkdaşları tərəfindən postlar yaradıldı. Qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə profilaktiki tədbirlər həyata keçirildi.
Qanun pozuntusuna yol verən şəxslər barəsində müvafiq tədbirlər görüldü. İşğaldan azad edilmiş ərazilərdə aparılan nəzarət-profilaktiki tədbirlər nəticəsində düşmən ordusunun tərk etdiyi hərbi mövqelərdən müxtəlif silah-sursatlar aşkar edildi. Tədbirlərlə 1 qumbaraatan, 72 qumbaraatan mərmisi, 3 Qrad mərmisi, 2 fosforlu mərmi, 2 tank əleyhinə mina, 9 əl qumbarası və alışdırıcısı, 2 rabitə vasitəsi və 6 minə yaxın müxtəlif çaplı patronlar aşkar edilərək təhvil verilib. Eyni zamanda ümumi çəkisi 3.3 tondan artıq 5574 ədəd yabanı halda bitmiş çətənə bitkisi yığılaraq məhv edilib.