Moskvada Cənubi Qafqazda regional əməkdaşlıq mexanizmlərinə həsr olunan 3+2 formatında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan xarici nazirlərinin müavinləri və İran XİN-in baş direktoru iştirak ediblər.
Görüş zamanı çox şaxəli regional əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Platformanın işini onun bütün iştirakçılarını maraqlandıran praktiki məsələlərə yönəltmək razılaşdırılıb. Bunlara etimadın artırılması, ticarət-iqtisadi, nəqliyyat, mədəni və humanitar sahələrdə qarşılıqlı fəaliyyət, ümumi çağırış və təhdidlərə qarşı mübarizə tədbirləri daxildir.
Beş ölkənin nümayəndələri Gürcüstanın platformanın işinə qoşulmasında maraqlı olduqlarını və onun üçün qapının açıq olduğunu bildiriblər.
Aidiyyəti nazirlik və qurumların mümkün iştirakı ilə gələcək addımlar və gələcək üçün iş planları müzakirə edilib.
***
17:49
Moskvada “3+3” formatınını görüşü keçirilir.
Modern.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) Qəbullar evində keçirilən görüşdə Azərbaycan, Rusiya, Türkiyə, Ermənistan və İran xarici işlər nazirlərinin müavinləri iştirak edir.
Toplantıda Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko, Türkiyə xarici işlər nazirinin müavini Sədat Önal, habelə Ermənistan XİN başçısının müavini Vahe Gevorkyan və İran rəsmisi iştirak edir.
Təklif olunmasına baxmayaraq, Gürcüstan tərəfi bu toplantıya qatılmayıb.
Qeyd edək ki, görüş mətbuatın iştirakı olmadan qapalı keçirilir.