“20 Yanvar faciəsi Azərbaycan xalqının şərəf və ləyaqət tarixidir. 1990-cı ilin bu günündə bizim şərəf və ləyaqətimizi tapdalamaq istədilər, xalq olaraq ayağa qalxdıq, itkilərlə belə müstəqillik haqqımızı boğmağa çalışanlara imkan vermədik”.
Bu barədə Modern.az-a 20 Yanvar faciəsinin 32-ci ildönümü haqqında danışarkən Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli bildirib:
“Azərbaycan xalqının təqviminə nəzər salın. 20 yanvardan başlayaraq, 20 noyabra qədər az qala hər ayımızda faciə, hüzn, itki var. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 Mart soyqırımı, 30 illik həsrətdən sonra azad etdiyimiz torpaqlarımızın işğal tarixləri və 20 noyabr vertolyot faciəsi... 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı yönəldilmiş erməni ideologiyasının və onun arxasında dayanan qüvvələrin 200 illik fəaliyyətinin nəticəsi idi. Bu təsadüfi hadisə deyil.
Hər tarixi hadisənin arxasında bir siyasi oyun dayanır. Azərbaycan tarix boyu bütün bu siyasi oyunların qurbanına çevrilib. 20 Yanvar hadisələrinə bu gün daha fərqli müstəvidən yanaşa, dərin təhlil edə bilərik. Müstəqillik haqqımıza, tariximizə qarşı bu qəsd 20 Yanvar faciəsi ilə bitmədi, 20 faiz torpaqlarımız işğal edildi, insanlarımız qaçqın və məcburi köçkün durumuna düşdü. 1990-cı ildə biz itkilər verdik, faciə yaşadıq, 1991-ci ildə isə bu xalq özünün müstəqilliyini qazandı. Baxın, Azərbaycan xalqının oxşar taleyi 1918-ci ildə də belə idi. Mart soyqırımının göz yaşları qurumamış, xalq ayağa qalxdı, cəmi 2 ay sonra Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. Yer üzündə bu qədər qətiyyətli, müstəqillik haqqını tələb edən ikinci xalq varmı?
Sovet dönəmində məşhur bir fikir var idi: “Başını imperator əsasının cızdığı səviyyədən yuxarı qaldıran hər kəsin aqibəti dəhşət və fəlakət olur”. Ermənilər Qarabağda “imperator əsasının cızdığı səviyyədən yuxarı” baş qaldırdılar. Çünki özlərinin ağalarına çox arxayın idilər. Bütün bu proseslər SSRİ-də hakimiyyətə Mixail Qorboçovun gəlməsi ilə başladı. Saxta yenidənqurma, aşkarlıq və s. məsələlər ortaya atıldı. Bütün bunlar sovet quruluşunun başının üstündə gedən oyunun tərkib hissəsi idi. Biz də həmin hissədə olduğumuz üçün bu müsibətləri yaşamalı olduq.
Sovet imperiyasının ən zəif halqası milli münasibətlər idi. İmperiyanın dağılması üçün dünyada hazırlanmış ssenari tətbiq edilməyə başlandı və SSRİ-yə daxil olan xalqlardan ən çox ziyan çəkən Azərbaycan oldu. Biz ermənilərlə ilk dəfə Vətən müharibəsində üzbəüz qaldıq və qalib gəldik. Biz dövlətçiliyimizi qorumaq üçün həmişə ermənilərlə mübarizə aparmışıq. Onlar bizə heç vaxt qalib gələ bilməyiblər”.
20 Yanvar faciəsinə yeni düşüncə ilə yanaşıldığını vurğulayan vitse-spiker vurğulayıb ki, hər il Şəhidlər xiyabanına ziyarətə gedəndə Azərbaycan xalqı onların qarşısına borclu kimi çıxırdı:
“20 faiz torpaqlarımızı işğaldan azad etmədikcə, nə şəhidlərimiz rahat uyudu, nə də Azərbaycan xalqı şəhidlərə borcunu ödəmiş oldu. Yalnız Vətən müharibəsində Zəfər qazandıqdan sonra yenə şəhid versək də, torpaqlarımızı işğaldan azad etdik.
Hər bir şəhidimizin ruhu bizim üçün yüksəkdir. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı erməniləri və onun havadarlarını çətin duruma saldı. “Böyük Ermənistan” ideologiyası darmadağın oldu. Məlum oldu ki, ermənilərin arxasında duran qüvvələr də əbədi və əzəli deyil. Sadəcə xristian təəssübkeşliyi, siyasi maraqlar müstəvisindədir.
20 Yanvar faciəsində şəhid olanların, ümumiyyətlə bütün şəhidlərimizin ruhu şaddır. Bu millətin üzü ağdır. Onun etimadları doğruldulub, torpaqlarımız azad edilib, vətənimiz bütöv, dövlətimiz güclü, rəhbərimiz iradəlidir”.