Modern.az

Dəm qazından zəhərlənmələrin əsas səbəbləri - Qanun dəyişir

Dəm qazından zəhərlənmələrin əsas səbəbləri - Qanun dəyişir

Aktual

1 Fevral 2022, 13:30

​““Qaz təchizatı haqqında” Qanunun təkmilləşdirilməsində məqsəd dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası və qarşısının alınmasıdır”.

 

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov danışıb.

 

O qeyd edib ki, dəm qazından zəhərlənmə nəticəsində həkimə müraciət edənlərin sayı 2020-ci ildə 2429 nəfər, 2021-ci ildə 2293 nəfər və ölüm hadisələri 2020-ci ildə 160 nəfər, 2021-ci ildə 111 nəfər olub:​

 

“​Xarici ölkələrin təcrübəsi göstərir ki, dəm qazından zəhərlənmə və qaz partlayışı hadisələrinin qarşısını qаz qurğulаrına texniki xidmət göstərilməsi yolu ilə almaq və ya minimuma endirmək mümkündür. Belə ki, texniki xidmət göstərilərkən aşkar olunmuş nöqsanlar vaxtında aradan qaldırılır və nasaz qurğular təmir olunur, əks təqdirdə qaz təchizatı dayandırılır. Onu da qeyd edək ki, beynəlxalq təcrübədə texniki xidmət qaz sahəsi üzrə müvafiq peşə ixtisasına və təcrübəyə malik əməkdaşları, lazımi avadanlıqları və digər texniki imkanları olan təsərrüfat subyektləri tərəfindən həyata keçirilir.

 

​Qeyd olunanları nəzərə alaraq, layihədə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi ilə bağlı səlahiyyətlərin aidiyyəti dövlət orqanlarından qaz paylayıcısına ötürülməsi və onlara texniki xidmətin qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsi təklif olunur. Bu isə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsinin və texniki xidmətin səmərəliyinin yüksəlməsinə, baş verən və baş verə biləcək neqativ halların daha operativ aradan qaldırılmasına, qaz paylayıcısının məsuliyyətinin yüksəlməsinə, texniki xidmət sahəsində idarəçiliyin təkmilləşməsinə xidmət edəcək".

 

Komitə sədri vurğulayıb ki, layihəyə əsasən istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və (və ya) pozuntuların aşkar edilməsi məqsədilə qaz paylayıcısı tərəfindən müayinənin ödənişsiz həyata keçirilməsi təklif olunur. Müayinə zamanı nöqsan və (və ya) pozuntular aşkar edildikdə müayinə aktında texniki xidmətin qaz paylayıcısı, ixtisaslaşmış podratçı və ya məişət abonenti olmayan istehlakçının müvafiq ixtisaslı işçi heyəti tərəfindən həyata keçirilməsi üçün istehlakçının seçimi barədə məlumat qeyd ediləcək.​ ​

 

​Layihəyə əsasən texniki xidmət dedikdə istehlakçının qaz qurğularının və balans mənsubiyyəti sərhədində yerləşən qaz xətlərinin (bundan sonra – qaz qurğularının və qaz xətlərinin), tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz və etibarlı istismarının təmin olunması məqsədilə müayinə aktı üzrə aşkar  edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə həyata keçirilən təmir və digər əlaqədar xidmət işləri nəzərdə tutulur.

 

Layihəyə görə, texniki xidmətin qaz paylayıcısı və ya ixtisaslaşmış podratçı tərəfindən həyata keçirilməsi üçün istehlakçı ilə onlar arasında texniki xidmət barədə müqavilə bağlanır, müayinə və texniki xidmətin nəticəsi barədə isə akt tərtib edilir. Sözügedən müqavilə, müayinə və texniki xidmətin nəticəsi barədə akt qaz paylayıcısı tərəfindən yaradılan müayinə və texniki xidmət məlumatları üzrə reyestrə daxil edilir.

 

Bu prosesə nəzarətin Energetika Nazirliyi (Enerji Məsələləri Tənzimləmə Agentliyi), Föqaladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar fəaliyyəti və İstehlakçıların hüquqlarının müdafiəsi Dövlət Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

 

Bundan başqa layihədə ixtisaslaşmış podratçıya dair tələblər, müayinəyə və texniki xidmətə nəzarətin həyata keçirilməsinə, habelə istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanmasına dair və sair məsələlər barədə müddəalar müəyyən edilir.

 

Normativ hüquqi aktın qəbul edilməsi nəticəsində:

 

qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmət göstərilməsi təmin ediləcək;

müayinəyə və texniki xidmətə nəzarətin həyata keçirilməsi təmin ediləcək;

sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması qaydası müəyyən ediləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV