“Bakıda yaşıllıqların az olması, kütləvi məhv edilməsinin səbəbkarı daha çox tikinti şirkətləridir”.
Modern.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə nazirliyin rəsmi feysbuk hesabında canlı yayımlanan “Ekspert saatı”nda deyib.
O bildirib ki, tikinti şirkətləri işlərinə "maneçilik törədən ağaclar"ın kəsilməsində maraqlıdır:
“Qanunvericiliyə əsasən, boş yeri alan tikinti şirkəti burada 40% ərazini yaşıllaşdırmalıdır. Əgər binanı söküb və əvəzində nə isə tikəcəksə, 25 % həddində yaşıllıq təmin edilməlidir. Təəssüf ki, tikinti şirkətləri aldıqları ərazidə ağacları bəzən gecə saatlarında kəsir, yaxud da ağacları qurudaraq məhvinə səbəb olurlar. Belə hallar aşkarlanan kimi qarşısı alınır. Keçən il tikinti şirkətləri barədə 25 belə fakt müəyyənləşib. Onlardan 18-i barədə prokurorluğa təqdimat olub və cinayət işləri açılıb”.