Akademik Ramiz Mehdiyevin məlum bəyanatı sırf elmi məsələlərlə bağlı olsaydı, fikir bildirməyə tələsməzdim. Lakin onun son bəyanatı siyasi manifesti xatırladır. Özü də uzun illər Prezident Administrasiyasına rəhbərlik etmiş, artıq kifayət qədər yaşı olan bir şəxsin fərqli, müxalif siyasi baxışlarının təşviqi anlamına gəlir. Parlament seçkiləri istənilən ölkənin həyatında ciddi siyasi hadisə hesab olunur. Vaxtilə bu seçkilərin mütləq əksəriyyətini təqdir və təbliğ etmiş akademik məlum bəyanatında onların legitimliyini faktiki olaraq şübhə altına alır. Yaxud elm adamlarının, institut rəhbərlərinin və deputat həmkarlarımın ona yönəlik tənqidlərini idarə olunan sifarişli proses kimi qiymətləndirir.
Ramiz Mehdiyevin uzun illərə söykənən inzibatçılıq təcrübəsi var. Belə olan halda, kimə və ya kimlərə işarə etdiyini sətiraltı deyil, birbaşa çatdırmalıydı. Əgər akademik siyasi baxışlarını dəyişərək müxalifətçilik etmək fikrinə düşübsə, bunu da açıq şəkildə bildirməliydi.
Bəyanatın doğurduğu əks-səda elə bu cür ictimai qənaətlə bağlıdır. Bu yaşda siyasi mövqe dəyişikliyi ilə bağlı ehtimal və qənaətlər haqlı olaraq ictimai qınaqla qarşılanır. Elə təəssürat yaranır ki, onun vaxtilə etdiyi siyasi düşərgə seçiminin arxasında əqidə birliyi yox, böyük səlahiyyətləri olan vəzifə kürsüsü dayanıb.
Ramiz Mehdiyevin son açıqlamaları uzun illər sıralarında olduğu və sözdə hələ də sadiq qaldığını bəyan etdiyi YAP-ın siyasi xəttinə ziddir, keçmişini inkar etmək deməkdir. Bu cür düşünməyə özü əsas verdi.
Ülviyyə Ağayeva
Milli Məclisin deputatı