Vətən müharibəsinin başa çatdığı ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə əsas kommunikasiyaların bərpası və zəruri infrastrukturun yaradılması tədbirlərinə başlanmışdır. Ötən ildən həyata keçirilən irimiqyaslı və sürətli bərpa-quruculuq işləri hazırda uğurla davam etdirilir. Əminliklə deyə bilərik ki, tezliklə bu bölgə əvvəlkindən də gözəl olacaq, yenidən cənnət məkana çevriləcək.
Prezident cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə nəzarəti ilə Qarabağın işğaldan azad olunmuş ərazilərində bir-birini tamamlayan irimiqyaslı layihələr qeyd etdiyim kimi uğurla gerçəkləşdirilir. Dövlət başçısı bu layihələrə start vermək üçün ardıcıl olaraq həmin bölgələrə gedir, erməni vandallarının 30 il ərzində talan edib xarabazara çevirdiyi yaşayış məntəqələrində görülən işlərlə yerindəcə tanış olur. Bu səfərlərdən sonra ölkə rəhbəri bərpa prosesinin genişlənməsi və sürətlənməsi üçün lazımi göstərişlər verir, əlavə təbdirlər müəyyən edir.
Fevralın 13-də dövlətimizin başçısının Ağdama səfəri də bir çox önəmli açılışlar və təməlqoyma mərasimləri ilə əlamətdar oldu. İlk növbədə, səfər çərçivəsində Ağdam şəhərində sənaye parkının iki yeni müəssisəsinin təməlini qoydu. Belə ki, artıq azad edilmiş torpaqlarda yarımstansiyaların sayı 9-a çatıb. Prezident İlham Əliyevin açılışını etdiyi “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin ediləcəkdir.
Hazırda azad edilmiş torpaqlarda Heydər Əliyev Fondunun təşəbbüsü ilə dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası uğurla həyata keçirilir. Bu torpaqlarda 8 məscidin əsaslı təmiri, bərpası və tikintisi nəzərdə tutulub. Ağdam Cümə məscidi, Şuşada Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri əsaslı təmir edilir. Şuşa şəhərində yeni məscidin inşasına start verilib. Zəngilan şəhərində, Hadrutda və Daşaltıda məscidlərin yenidən qurulması və tikintisi prosesi başlamışdır.
Bir sözlə, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra ölkəmizin həyatında başlayan yeni mərhələdə şəhər və rayonlarımızın davamlı və tarazlı inkişafı hər birimizin gözü qarşısındadır. Bəli, bütün görülən işlərin nəticəsi olaraq, “Böyük qayıdış”ın reallaşdırılmasına hazırlıq görülür.
Prezident cənab İlham Əliyevin birinci xanım Mehriban xanımla və övladları ilə tez-tez Qarabağa səfər edib, bərpa-quruculuq işləri ilə yerində tanış olması bu torpaqlara daimi sakinlərin, yurd həsrətinə son qoyulmuş həmvətənlərimizin tezliklə qayıdacaqlarını rəmzləşdirir. Bu istiqamətdə ən mühüm işlərdən biri də məhz Füzuli Beynəlxalq Hava Limanının bu strateji nəqliyyat layihəsinin başa çatdırılmasıdır. Füzuli Beynəlxalq Hava Limanı bölgənin iqtisadi inkişafına töhfə verəcək. Liman Qarabağa sərmayələrin cəlb edilməsi, dayanıqlı məşğulluğun təmin olunması və turizmin inkişafında mərkəzi tranzit rolunu oynayacaqdır. Onu da qeyd etmək lazımdır ki, ölkə Prezidenti cənab İlham Əliyevin həmin ərazilərə davamlı səfərləri görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir.
Bir məsələyə də toxunaraq bildirmək istəyirəm ki, hərçənd hələ də Ermənistanda revanş arzusunda olanlar, xam xəyallarla yaşayanlar var. Ölkə rəhbərimizin dayanıqlı sülhün bərqərar edilməsi uğrunda apardığı gərgin mübarizə də dünyada rəğbətlə qarşılanır. Dövlətimizin başçısının müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi görüşlərdə onun sülh təşəbbüslərinin Avropa məkanında qəbul edildiyini, üstəlik, ermənilərin inzibati mövcudluğunu çoxdan itirmiş ərazinin “statusu” barədə ümidlərinin tamamilə puça çıxdığını bir daha təsdiqləyir.
Göründüyü kimi, Qarabağın bərpasının irimiqyaslı layihələr əsasında, sürətlə davam etdirilməsi isə bütün dünyaya bir daha göstərir ki, bu qədim bölgənin əsl sahibləri azərbaycanlılardır. Xalqımız bu həqiqəti qalibiyyətli müharibədə göstərdiyi tarixi hünərlə sübut etdiyi kimi, bərpa prosesində də fəal iştirakı və bacardığı köməyi ilə sübut edir.
Arzu Əliyeva,
“El Gücü” Beynəlxalq Humanitar Assosasiyası İctimai birliyinin Binəqədi rayon nümayəndəliyinin sədri