Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin vəsatəti əsasında Ukrayna Baş Prokurorunun Ofisi tərəfindən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında" 22 yanvar 1993-cü il tarixli Konvensiyaya əsasən Azərbaycan vətəndaşı Adil Orucovun ekstradisiyası haqqında qərar qəbul edilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən Modern.az-a verilən məlumatda bildirilib.
Ağstafa rayon prokurorluğunda istintaq olunan cinayət işi üzrə Adil Orucov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib.
Adil Orucov Ukrayna ərazisində müəyyən edilərək 2022-ci ilin yanvar ayında barəsində həbs qətimkan tədbiri seçilib. Fevralın 24-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.