Modern.az

“Rusiya böyük səhv etdi, peşman olacaqlar” – Hərbi ekspert

“Rusiya böyük səhv etdi, peşman olacaqlar” – Hərbi ekspert

Aktual

25 Fevral 2022, 13:43

Ukrayna ərazisində hərbi əməliyyatlar davam edir. Ötən gün Rusiya qoşunlarının hücumu ilə başlayan müharibə nəticəsində hər iki tərəfdən ölən və yaralananların olduğu bildirilir. Hazırda qanlı döyüşlər Kiyevin ətrafında pik həddə çatıb. Ölüm təhlükəsi ilə üz-üzə qalan dinc sakinlər evlərini tərk edərək, metrostansiyalarında və tunellərdə gecələməli olublar.

 

Hərbi əməliyyatların gedişatını Modern.az-a şərh edən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Rusiya Ukraynaya hücum etməklə özünü bataqlığa salıb, oradan çıxmaq ruslar üçün çətin olacaq:

 

“Rusiya Kiyevə girsə də, oranı bombalasa da, nəticə ruslar üçün acınacaqlı olacaq. Çünki artıq elə iqtisadi sanksiyalar tətbiq olunub ki, Rusiya onun altından çıxa bilməyəcək”. 

 

 

Ekspert hesab edir ki, tezliklə Rusiyanın daxilində çaxnaşmalar olacaq. Üzeyir Cəfərov Moskvanın Ukraynaya qarşı müharibə başlatmasına görə peşman olacağını söyləyib.



“Elə tələblər olacaq ki, Rusiya peşman olacaq. Mən Rusiya üçün müharibənin heç bir perspektivini görmürəm. Hesab edirəm ki, Rusiya nə qədər gec deyil, dayanmalıdır. Çağırışlara qulaq asmalıdır. İndiki halda Rusiya təmsilçiləri başını itirib. Açığı deyim, Rusiyada qaldırılan etiraz səsləri, Rusiyanın daxilində olan narazılıqlar onu göstərir ki, sonda siyasi-hərbi zümrəni çox ağır günlər gözləyir”.


Ekspert xatırladıb ki, müharibə səbəbindən Rusiyanın məşhur biznesmenlərinin hesabları dondurulub, xaricdən ölkəyə məhsulların gətirilməsinə qadağa qoyulub:

 

"Faktiki olaraq, Ukrayna müharibəsi Rusiya tarixinin ən böyük səhvi olacaq. İndi onları məcburetmə kampaniyası keçirmək boş sözlərdir. Çünki Kiyevi, Xarkovu bombalayırlarsa, bunun başqa adı yoxdur. Bu, sadəcə, ağılsızlıqdır. Rusiya bunun bədəlini çox ağır şəkildə ödəyəcək. Rusiyanın qarşısını ancaq iqtisadi yolla almaq olar. Hərbi yolla nəyəsə nail olmaq çox gecdir.

 

İndi Ukrayna Prezidenti müraciət edib ki, "Buxarest doqquzluğu" bu prosesə qoşulsun. "Buxarest doqquzluğu" prosesə qoşulsa belə, hər halda çox gecikmiş haldır. Ancaq mən düşünürəm ki, Rusiyanın Kiyevdə minlərlə itkisi olacaq. Ukraynaya qarşı müharibəyə görə Rusiya çox ağır bədəl ödəyəcək”.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı