Biz eşitmişik ki, Ermənistan hökuməti sülh gündəliyini elan etmişdir. Bu, çox mühüm bir məsələdir. Eyni zamanda, biz konkret işlər, tədbirlər də görməliyik. Düşünürəm ki, hazırda biz bu tədbirləri görürük, Ermənistan hökuməti tərəfindən sülhlə bağlı müxtəlif bəyanatlar irəli sürülməkdədir.
Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.
Dövlətimizin başçısı bildirib ki, bu bəyanatlar yeni reallıqlara və heç şübhəsiz, beynəlxalq hüquq prinsiplərinə əsaslanır ki, biz hər zaman bu prinsipləri təbliğ etmişik. Reallıqlar dəyişdikdən bəri bu reallıqlar artıq vasitəçilər tərəfindən qəbul edilməkdədir.
İlham Əliyev həmçinin Azərbaycanla münasibətlərin normallaşdırılması Ermənistan üçün yeni imkanlar açacağını bildirib.
“Eyni zamanda, bizim açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir”, - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident İlham Əliyev əlavə edib ki, ötən 30 il ərzində separatçılıq və işğalçılıq siyasəti nəticəsində Ermənistan bu imkanları itirib, Cənubi Qafqaza inteqrasiya olunmayıb.