NATO baş katibinin müavini Mirça Geoana Türkiyənin Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı narahatlığını ifadə etdiyini və kompromis üçün şəraitin yaradılacağına inandığını bildirib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniyanın paytaxtı Berlində keçirilən NATO Xarici İşlər Nazirləri Toplantısında COVID-19-a yoluxan NATO-nun baş katibi Yens Stoltenberqin vəzifəsini müvəqqəti icra edən Geoana jurnalistlərin suallarını cavablandırıb.
“Mayın 14-də Türkiyə ilə Finlandiya və İsveçin mümkün NATO üzvlüyü ilə bağlı danışıqlar apardıq. Bu, açıq və konstruktiv görüş oldu. NATO-nun mühüm müttəfiqi olan Türkiyə rəsmiləri narahatlıqlarını dilə gətirdilər. İnanıram ki, İsveç və Finlandiya yaxın günlərdə NATO üzvü olmaq qərarına gəlsələr, lazımi şəraiti yaradacağıq. Bu iki ölkəni alqışlamaq və konsensus əldə etmək lazımdır”.
Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mayın 14-də NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl NATO-da müttəfiq olacaq bir ölkənin separatçı terror təşkilatı YPG/PKK-ya dəstək verməməsinin lazım olduğunu bildirib: “Bu iki ölkə - İsveç və Finlandiya açıq şəkildə onlara dəstək verir”.
M.Çavuşoğlu 14 may axşamı isveçli həmkarı Ann Linde və Finlandiyanın xarici işlər naziri Pekka Haavisto ilə hər iki ölkənin NATO-ya üzvlük müraciətləri ilə bağlı üçtərəfli görüş keçirib.