"May ayının birinci və ikinci 10 günlüyündə ölkə ərazinə intensiv leysan yağışları səbəbindən çaylarda sululuq xeyli artıb".
Bunu Modern.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, həm respublikanın daxili çaylarında, Böyük Qafqazın cənub yamacı çaylarında, eyni zamanda Kür çayının yuxarı və aşağı axınlarında da sululuqda xeyli artım qeydə alınıb.

Nazirlik rəsmisi deyib ki, Böyük Qafqazın cənub yamacından axan Göyçay, Türyançay və Girdimançay çaylarında sululuğun artması Kür çayının səviyyəsinin artmasına da öz təsirini göstərib:
"Bununla əlaqədar Kürün aşağı hissəslərində və əsas məntəqəsində suyun səviyyəsində 1 metr 86 sm, Sabirabad rayonu ərazisində 2 m, Şirvanda 2 m 10 sm, Salyanda 3 m, Neftçala rayonu ərazisində isə 67 sm artım qeydə alınıb. O cümlədən, bu çaylarda və Kürdə sululuğun artması ilə əlaqədar Neftçala rayonu ərazisində artıq Kürdə şirinləşmə prosesi gedib və həmin ərazilərdə mayın 1-dən etibarən apardığımız monitorninqin nəticələri onu göstərib ki, artıq çayda normallaşma, şirinləşmə prosesi gedir, eyni zamanda duzluluq normadan aşağıdır".
Hidroloq qeyd edib ki, son günlər hava şəraitinin nisbətən yağmursuz keçməsi ilə əlaqədar Kürün aşağı hissələrində bir qədər azalma müşahidə olunur:
"Ancaq buna baxmayaraq, Kürün aşağı hissələrində hazırda ötən illə müqayisədə sululuq çaylarda 30-40 faiz normadan çoxdur. Onu da qeyd edim ki, yaxın günlər ərzində hava şəraitinin yağmurlu keçməsi ilə əlaqədar çaylarda sululuğun artımı proqnozlaşdırılır. Qeyd edim ki, ümumiyyətlə, bu il çaylarda sululuğun xeyli artması ilə əlaqədar anbarlarda su ehtiyyatları artıb".
A.Verdiyev onu da deyib ki, qarşıdakı yay və payzı mövsümlərində hər şey hava şəraitindən asılı olaraq dəyişəcək.