Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında "Şuşa Bəyannaməsi"nin imzalanmasından bir il ötür.
Hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsi baxımdan bu bəyannamə çox əhəmiyyətlidir.
Türkiyə ordusunun təqaüddə olan kontr-admiralı Cihad Yaycı bir il ərzində bəyannamənin iki ölkə arasında əlaqələrin inkişafına necə təsir etməsi haqqında Modern.az-a danışıb.

Onun sözlərinə görə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün birlik əhəmiyyəti daşıyır:
“Bu, iki ölkə arasında həmrəyliyin sənədləşmiş formasıdır. Əslində bir millət, iki dövlət olmağımızı bir daha sübut etdik. Bəyannamə ilə iki ölkənin bir-birinin arxasında dayandığı başqa ölkələrə əyan oldu. Bəyannamədə olan qərarlılıq digər Türk dövlətlərinə bir örnək, Ermənistanın və Azərbaycan-Türkiyə düşmənlərinin bir daha düşünmələrinə səbəb olub".
C.Yaycının sözlərinə görə, artıq Azərbaycan topaqlarına qarşı hər hansı təhdid olarsa, Türkiyənin qarşılıq, dəstək verəcəyi düşmənin canına qorxu salıb:
"Ona görə də Azərbaycan və Türkiyə arasında razılaşma düşmənə qorxu, dosta güvən verən anlaşmadır. Bununla bərabər, Şuşa Bəyannaməsi Türk dövlətlərinin hərbi işbirliyi təşkilatının yaradılmasının önünü açıb. Bu bəyannaməyə əlavə iştirakçıların qatılması da vacibdir. Digər Türk dövlətləri də zamanla bəyannamənin bir hissəsi olmalıdır. Bu baxımdan Türkiyə və Azərbaycanın üzərinə də böyük vəzifə düşür, yəni digər Türk dövlətlərinə də təkliflər ola bilər. Bununla da Türk dünyasının təhlükəsizliyi həll olunmuş olacaq".
Təhlükəsizlik və terrorla mübarizə üzrə türkiyəli mütəxəssis İmbat Muğlu qeyd edib ki, Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan əməkdaşlığının gəldiyi nöqtəni göstərməklə yanaşı, gələcəkdə izlənəcək yol xəritəsini də ortaya qoyan mühüm sənədlərdən biri kimi tarixə düşüb:

“Bir çox ölkələr arasında ittifaqlar yaradıla bilsə də, Türkiyə-Azərbaycan münasibətləri özünəməxsus təbiətinə görə dünyada bənzəri olmayan əlaqələr üzərində qurulub. Şuşa Bəyannaməsi iki ölkə arasında qardaşlığın möhkəm möhürlənməsi və bu möhürün dünyaya bəyan edilməsidir.
Şuşa Bəyannaməsi tərəflərdən birinə qarşı təhlükə və ya hücum olduqda tez və qətiyyətlə birgə hərəkət etməyi nəzərdə tutur. Bununla belə, bəyannamədə beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə uyğun olaraq qlobal və regional sülh və sabitliyin təmin edilməsi üçün birgə səylərin vurğulanması, alyansın müdafiə və dinc xarakterini əks etdirir. Bəyannaməyə əsasən, tərəflər türk dünyasının birliyinə və rifahına xidmət etmək üçün səylərin artırılmasını vurğulayıblar.
Yekun olaraq qeyd edək ki, Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalansa da, bəyannamədə ifadə olunan məsələlərin təsirinin yalnız iki dövlətlə məhdudlaşmayacağı aydındır.
Şuşa Bəyannaməsi regional tarazlıqlara təsir edən, regional sabitliyi dəstəkləyən və türk dünyası ilə sıx bağlı olan bir manifestdir. Bundan əlavə, Şuşa Bəyannaməsi İran, Ermənistan, Rusiya, Gürcüstan kimi region ölkələrinə həm iqtisadi, həm də təhlükəsizlik baxımından əhəmiyyətlidir. Bəyannamə bütün xalqların həmrəylik və qonşuluq münasibətlərinin inkişafına böyük töhfə verir”.