"Biz Ukraynaya maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və lazım olduğu müddətdə Ukraynanın yanında olacağıq".
Modern.az xəbər verir ki, bu barədə G7 liderlərinin Ukraynaya dəstəklə bağlı ortaq bəyanatında bildirilib.
Qeyd olunub ki, liderlər Ukrayna ilə həmrəyliyə və Ukrayna hökumətini, xalqını öz ölkələrinin suverenliyini və ərazi bütövlüyünü cəsarətlə müdafiə etməkdə, dinc, firavan və demokratik gələcək uğrunda mübarizələrində dəstək verməklə bağlı öhdəliyə sadiqdirlər.
"Biz Avropa İttifaqı Şurasının Ukrayna və Moldovaya namizəd ölkə statusu vermək qərarını alqışlayırıq. Biz bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstək verməyə davam edəcəyik və nə qədər lazımdırsa, Ukraynanın yanında olacağıq. Bunu edərkən, biz Rusiyanın təcavüzünün beynəlxalq təsirlərinə, xüsusən də ən həssas qruplar (ölkələr) üzərində olan təsirlərinə qarşı mübarizə aparmaq istiqamətində qlobal məsuliyyət və həmrəylik nümayiş etdirmək öhdəliyimizi bir daha bəyan edirik", - bəyanatda deyilir.
Vurğulanıb ki, müharibənin nəticələri yalnız Avropada deyil, qitədən kənarda da özünü göstərir: "Bu, beynəlxalq hüququn açıq-aşkar pozulması, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin pozulması, ağır bir cinayətdir".
"Rusiyanın nüvə ritorikasından əsassız istifadə etməsini bir daha pisləyirik. Rusiya öz beynəlxalq öhdəliklərinə, o cümlədən kimyəvi, bioloji və ya nüvə silahlarının istifadəsini qadağan edən öhdəliklərə əməl etməlidir. Biz Rusiyanı məsuliyyətli davranmağa və təmkinli olmağa çağırırıq və bir daha bildiririk ki, bu cür silahlardan istənilən istifadə qəbuledilməzdir və ölkə ağır nəticələrlə üzləşəcək. Nüvə gücünə malik raketlərin Belarusa göndərilməsi ehtumalı ilə bağlı Rusiyanın açıqlamasından ciddi narahatlığımızı ifadə edirik", - liderlər Rusiyaya xəbərdarlıq ediblər.