Azərbaycan Avropa İttifaqının etibarlı və məsuliyyətli tərəfdaşıdır və son 6 ay ərzində Aİ-Azərbaycan münasibətlərində nəzərə çarpan dinamika qarşılıqlı faydalı əlaqələrin inkişafı üçün geniş perspektivlər vəd edir.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin iyulun 15-də keçirilmiş müşavirədəki çıxışını şərh edən millət vəkili qeyd edib ki, dövlət başçısının haqqında söz açdığı və önəm verdiyi enerji təhlükəsizliyi ilə bağlı saziş Azərbaycan-Aİ münasibətlərində yeni bir mərhələnin başlanğıcı olacaq:
“Cənab Prezident öz nitqində Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq enerji təhlükəsizliyi ilə bağlı sənədin qarşılıqlı əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracağını vurğuladı. Bütövlükdə Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində diqqət çəkən ən önəmli məqamlardan biri qarşılıqlı əlaqələrin bərabərhüquqlu və ikitərəfli əməkdaşlıq platforması üzərindən həyata keçirilməsidir. Bu isə, şübhəsiz ki, Prezident İlham Əliyevin ölkənin xarici siyasətilə bağlı baxış bucağından, Azərbaycanın beynəlxalq hüququn müstəqil, suveren subyekti kimi bərabərhüquqlu münasibətlər qurmaq strategiyasından qaynaqlanır”.
Azər Kərimli qeyd edib ki, milli maraqlar, qarşılıqlı faydalı əməkdaşlıq, etimadlı münasibətlər Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir və ölkəmiz təmsil olunduğu bütün platformalarda öz təşəbbüskarlığı, beynəlxalq hüququn norma və prinsiplərinə, humanizm dəyərlərinə münasibətdə sərgilədiyi prinsipial mövqeyi ilə fərqlənir.
“Azərbaycanın beynəlxalq hüququn qlobal məsuliyyətini yüksək səviyyədə dərk edən subyekti kimi atdığı addımların, irəli sürdüyü təşəbbüslərin səmərəliliyini ölkəmizin Qoşulmama Hərəkatındakı fəaliyyətində də görmək mümkündür. Azərbaycan hərəkata sədrlik etdiyi dönəmdə sözügedən təsisatın qlobal miqyasda mövqelərinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıb. Qoşulmama Hərəkatının ilk toplantısının Bakıda keçirlməsinə, bütövlükdə isə Parlament Şəbəkəsinin yaradılmasına nail olub. Cənab Prezident öz nitqində hərəkatın Gənclər Şəbəkəsinin yaradılacağını və gənclər forumunun keçiriləcəyini bildirdi. Qoşulmama Hərəkatının 67 illik tarixinə nəzər salsaq, Hərəkatın təşkilatlanması prosesinə ən çox Azərbaycanın sədrliyi dövründə töhfə verildiyinin şahidi ola bilərik. Təkcə bu faktın özü Azərbaycanın xarici siyasətinin nə qədər uğurlu və qlobal müstəvidə nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirir”, - deyə deputat vurğulayıb.