Avqustun 2-də Daşkənd şəhərində Azərbaycan, Türkiyə və Özbəkistan xarici işlər, iqtisadiyyat və nəqliyyat nazirlərinin birinci üçtərəfli görüşü keçirilib. Görüşdə Azərbaycandan xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev iştirak ediblər.
Daşkənddə baş tutan üçtərəfli görüşdə xarici siyasət və regional əməkdaşlıq imkanları ilə bağlı məsələlər, üç ölkənin iqtisadiyyat, ticarət, investisiya və nəqliyyat sahələrində əməkdaşlığının tam potensialının həyata keçirilməsi üçün görülən işlər ətrafında fikir mübadiləsi aparılıb.
Bundan əlavə, energetika sahəsində, xüsusilə bərpaolunan enerji mənbələri sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Həmçinin Azərbaycan, Türkiyə və Özbəkistanın yüksək tranzit potensialından daha yaxşı istifadə etmək məqsədilə beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı üzrə əməkdaşlığın daha da möhkəmləndirilməsi imkanları müzakirə edilib.

Türk dünyasını əhatə edən vacib müzakirələrdən sonra üç dövlətin müvafiq sahələr üzrə məsul nazirləri tərəfindən Daşkənd Bəyannaməsi imzalanıb.
Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Daşkənd Bəyannaməsinin Türk dünyasının rifahını yüksəldəcəyini söyləyib. “Davamlı hala gətirəcəyimiz bu mexanizmlə konkret layihələr həyata keçirəcəyik”, - deyə nazir vurğulayıb.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov da özünün tviter hesabında qeyd edib ki, üçtərəfli görüşün yekunları barədə imzalanmış Daşkənd Bəyannaməsi ölkələrimiz arasında tərəfdaşlıq, dostluq əlaqələrinin daha da dərinləşməsi və möhkəmlənməsinə mühüm töhfədir.
Üç ölkənin imza atdığı Daşkənd Bəyannaməsinin siyasi əhəmiyyəti nədən ibarətdir?
Bu barədə Modern.az-a danışan politoloq İlqar Vəlizadə bildirib ki, əslində, Daşkənd bəyannaməsi Özbəkistanın geosiyasi və geoiqtisadi planları ilə tam uzlaşır:
“Özbəkistanın təşəbbüsü ilə 2019-cu ildə Mərkəzi Asiya regionunda dəhliz yaradılıb. Bu dəhliz Çin, Qırğızıstan, Özbəkistan, Türkmənistan kimi ölkələri əhatə edir. Sözügedən dəhliz Çin sərhədindən Türkmənistanın Türkmənbaşı dəniz limanına çəkilən yoldur. Yolun davamı məhz Azərbaycandan keçir. Ona görə də, Özbəkistanın yerləşdiyi coğrafi regionda reallaşan strateji layihə ilə Azərbaycanın yerləşdiyi regionda reallaşan strateji layihələrin birləşdirilməsi sinerji effekt yaradır. Hər iki layihənin gücünü artırır. Regionda yeni transregional marşrutun yaranmasına gətirib çıxarır”.

“Bizim Qazaxstanla transxəzər marşrutumuz var. Bu marşrut Çini Qazaxstan vasitəsi ilə Azərbaycan, Gürcüstan və Türkiyə ilə birləşdirir. İndi imzalanmış bəyanat sanki həmin layihəyə paraleldir”,- deyən politoloq hesab edir ki, Azərbaycan nəqliyyat qovşağı rolunu oynayır.
“Adını çəkdiyim hər iki layihə Azərbaycanda birləşir. Həm Transxəzər layihəsi, həm də indi Özbəkistanın təşəbbüsü ilə həyata keçirilən layihə türk dövlətlərini, eyni zamanda gələcək prespektivi türk dövlətləri ilə əməkdaşlıqda görən dövlətləri və qitələri birləşdirir.
Məsələn, ötən həftə Daşkənddə tədbir keçirilib. Həmin tədbir Əfqanıstanla bağlı idi. Burada məqsəd Mərkəzi Asiya ilə Cənubi Asiyanı birləşdirən geosiyasi layihə yaratmaqdır. Bu layihənin həyata keçirilməsilə Mərkəzi Asiya və Cənubi Asiyanı birləşdirən qovşaq yaradılır ki, bu da eynən bizim bəyannamə ilə uzlaşır. Yəni, haqqında danışdığım layihə müxtəlif coğrafiyadan keçən rabitələri birləşdirir”, - politoloq İlqar Vəlizadə əlavə edib.