Modern.az

Bu reallıq heç zaman dəyişməyəcək

Bu reallıq heç zaman dəyişməyəcək

Aktual

15 Avqust 2022, 13:20

Azərbaycan Konstitusiyası milli mənsubiyyətindən, dinindən asılı olmayaraq, bütün ölkə vətəndaşlarına bərabər hüquqlar verir və hazırda Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan etnik ermənilər də digər Azərbaycan vətəndaşları kimi bu hüquqlardan faydalana bilərlər.


Bu sözləri Modern.az saytına açıqlamasında millət vəkili, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib. 


Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsinə diqqət çəkən millət vəkili dövlətimizin başçısının ölkəmizin erməni əsilli Azərbaycan vətəndaşları ilə bağlı bütün məqamlara aydınlıq gətirdiyini bildirib:

 

“Cənab Prezident müsahibəsində qeyd etdi ki, Qarabağda yaşayan ermənilərin statusu, müstəqilliyi və hansısa xüsusi imtiyazları olmayacaq. Onlar da digər Azərbaycan vətəndaşları kimi Konstitusiyanın verdiyi hüquqlardan faydalanacaqlar. Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da hüquqları elə qorunacaq. Ölkə qanunvericiliyinə görə, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Bununla yanaşı, Konstitusiyamızın 44 və 45-ci maddələrində bildirilir ki, hər kəsin milli mənsubiyyətini qoruyub saxlamaq, ana dilindən istifadə etmək, istədiyi dildə tərbiyə və təhsil almaq, yaradıcılıqla məşğul olmaq hüququ var”. 


Azər Kərimli qeyd edib ki, Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə təsdiq edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında milli azlıqların da kompakt yaşadığı regionlarda hökumətin növbəti mərhələdə fəaliyyət istiqamətləri müəyyənləşdirilib: “ Hazırda ölkədə milli azlıqların məsələləri ilə məşğul olan 50-dək QHT, milli mədəniyyət mərkəzləri,  ictimai birliklər və cəmiyyətlər fəaliyyət göstərir. Azərbaycan radiosunda kürd, ləzgi, talış, gürcü, rus, erməni dillərində dövlət büdcəsindən maliyyələşdirilən müntəzəm radio verilişləri yayımlanır.


Azərbaycanda yaşayan etnik icmaların dillərində 15-dən çox qəzet və jurnal nəşr olunur, milli azlıqların kompakt yaşadığı bölgələrdə 5 yerli tele-radio kanalı fəaliyyət göstərir. 2011-ci ildən etibarən ənənəvi olaraq Bakıda Beynəlxalq Humanitar Forum keçirilir. Forum çərçivəsində :”nailiyyətlər və problemlər”, “Multikulturalizm və mədəni özünüdərk”, “Qloballaşma dövründə multikulturalizm və identiklik” mövzularında dəyirmi masalar və bölmə iclasları təşkil olunur, dünyanın müxtəlif ölkələrində etnik-mədəni müxtəlifliyin və tolerantlığın qorunub saxlanması sahəsində mövcud olan problemlər geniş müzakirə edilir, bu sahədə Azərbaycanın uğurlu təcrübəsi ətrafında fikir mübadilələri aparılır”.


Millət vəkili Azərbaycandakı etnik, dini tolerantlığın bütün dünyada nümunə olduğunu bildirib və qeyd edib ki, Vətən, dövlət və bayraq sevgisi kimi multikultural düşüncə də xalqımızın dünyagörüşünün əsasını təşkil edir: “Bununla yanaşı heç kim unutmamalıdır ki, Azərbaycan unitar dövlətdir və ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə, Azərbaycan xalqının birliyinə qarşı atılan istənilən addımın qarşısı ən sərt formada alınacaq, buna cəhd edənlərə güzəşt olunmayacaq. Cənab Prezident müsahibəsində qeyd etdi ki, - Qarabağda yaşayan ermənilər düzgün addım atmalıdırlar, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, tarixi nöqteyi-nəzərdən, beynəlxalq hüquq nöqteyi-nəzərindən tərkib hissəsidir və bu reallıq heç zaman dəyişməyəcək”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı