Modern.az

Duqinin qızının ölümündəki sirr açılır - Partlayışı onlar törədib

Duqinin qızının ölümündəki sirr açılır - Partlayışı onlar törədib

Aktual

21 Avqust 2022, 16:02

Rusiyanın rəsmi strukturları Aleksandr Duqinin qızının avtomobilinin partladılmasını terror hadisəsi kimi qiymətləndirir. Bəzi rusiyalı siyasətçilər, ekspertlər və jurnalistlər partlayışda “Ukrayna izi” axtarmağa başlayıblar. Hətta bir neçə ay əvvəl də belə xəbər yaymışdılar ki, Ukrayna kəşfiyyatı guya rusiyalı jurnalist və aparıcı Vladimir Solovyova qarşı sui-qəsd planı hazırlayıb, Rusiyanın güc strukturları son anda bunun qarşısını alıblar.

 

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Rusiyanın tanınmış ictimai-siyasi xadimi Aleksandr Duqinin qızı Darya Duqinanın avtomobilində partladılaraq öldürülməsi barədə Rusiya tərəfinin iddialarını şərh edərkən deyib.

 

“Əlbəttə, ukraynalıların bəlli səbəblərdən şovinist Solovyovdan zəhlələri gedir, ancaq jurnalisti öldürmək təşəbbüsü ağır ittihamdır. Ukraynalıların bəlli səbəblərdən Duqindən də xoşları gəlmir. Ona görə bu qətl belə qələmə veriləcək ki, Ukrayna kəşfiyyatı Rusiyada müharibə və işğal tərəfdarı olan şovinistlərə göz dağı vermək istəyir. Belə baxanda Rusiyanın da Ukraynada, o cümlədən Kiyev və Xarkovdakı killer qruplarının müharibədən əvvəl və müharibə gedişatında törətdikləri qətllər az deyil, Ukrayna təhlükəsizlik xidmətinin əməkdaşlarının maşınları partladılırdı. Müharibə daha aqressiv forma almağa başlayıb”, - deyə siyasi şərhçi vurğulayıb.

 

E.Şahinoğlunun sözlərinə görə, Rusiyada bir qrup şəxs Aleksandr Duqinə qarşı terror aksiyasında “Ukrayna izi” axtarsa da, gərək onu da nəzərdən qaçırmasınlar ki, partlayışın arxasında Rusiyada Türkiyə əleydarlarının və PKK ilə bağlı güclərin olması da istisna deyil:

 

“Avrasiyaçı Duqin Rusiya ilə Türkiyə arasında ittifaq tərəfdarı kimi çıxış edir və onun bu baxışları PKK-ya bağlı güclərin xoşuna gəlmirdi. İstisna deyil ki, Duqinin qızının maşınını partladanların ümidi buna idi ki, partlayışdan sonra şübhələr Ukrayna üzərində cəmləşəcək”.

 

Qeyd edək ki, Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı Darya Duqina həlak olub. Hadisə Moskva vilayətində “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində baş verib. İlkin ehtimala əsasən, avtomobilə quraşdırılan bombanın işə düşməsi 30 yaşlı Duqinanın həyatına son qoyub. Onun meyiti tamamilə yanaraq, tanınmaz hala düşüb.

 

Duqina və atası avqustun 20-də “Ənənələr” festivalında iştirak ediblər. Şahidlərin sözlərinə görə, Aleksandr Duqin tədbirdən qızı ilə birlikdə qayıtmalı olsa da, son anda fikrini dəyişib. Hətta ata və qızının birlikdə gəzintiyə çıxmağa hazırlaşdığı deyilirdi. 

 

Hüquq-mühafizə orqanları avtomobilə partlayıcı qurğu yerləşdirildiyini və hədəfin məhz Aleksandr Duqin olduğunu ehtimal edir. Bu baxımdan hazırda hakimiyyət sui-qəsd ehtimalını nəzərdən keçirir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı