Azərbaycan bu gün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır.
Güclü dayaqlara malik Azərbaycan beynəlxalq arenada həm də etibarlı tərəfdaş ölkə kimi tanınır. Dövlət başçısı İlham Əliyevin qətiyyətli və səmimi xarici siyasət kursu Azərbaycanı ən yüksək tribunalarda tanıtdırmaqda davam edir. Prezidentin İtaliyaya səfəri də bu baxımdan xüsusi diqqət çəkirirdi.
Səfər çərçivəsində dövlətimizin başçısının İtaliya Prezidenti və İtaliya Baş naziri ilə görüşləri, aparılan danışıqlar Azərbaycan-İtaliya münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb etməklə yanaşı, yeni bir mərhələnin əsasını qoydu. Prezident İlham Əliyevin İtaliya səfəri zamanı xüsusi önəm daşıyan əsas hadisələrdən biri isə şübhəsiz ki, İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış”və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumunda iştirakı və çıxışı idi. Azərbaycan liderinin bu foruma xüsusi qonaq kimi qatılması da həm ölkəmizə, həm də onun rəhbərinə verilən yüksək qiymətin nümunəsi idi.
Prezident İlham Əliyevin sözügedən forumda xüsusi statusla iştirakı təsadüfi deyildi. Belə ki, bu forum dünyanın mühüm məsələlərinin müzakirə edildiyi və nüfuzlu dövlət başçılarının, ictimai-siyasi xadimlərin, politoloqların iştirak etdiyi bir mərkəz kimi tanınır. Ölkə rəhbəri forumdakı çıxışında beynəlxalq ictimaiyyətə önəmli mesajlar verməklə həm yeni geopolitik durumun real mənzərəsini yaratdı, həm də yeni siyasi-iqtisadi münasibətlərin zəruriliyini diqqətə çatdırdı.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolundan danışan Prezident bildirib ki, ölkəmiz iki strateji neft boru kəmərinin inşası ilə Avrasiyanın enerji xəritəsinin dəyişdirilməsi prosesində təşəbbüsü üzərinə götürüb və bunu uğurla gerçəkləşdirib. Bundan başqa, respublikamızın rəhbəri artan ehtiyacı təmin etmək üçün hazırda sıx əməkdaşlığa və əlaqələndirməyə ciddi ehtiyac olduğunu, bu məqsədlə Avropa İttifaqı və Azərbaycan arasında enerji ilə bağlı dialoqa start verildiyini diqqətə çatdırıb.
Prezident İlham Əliyevin forumda qeyd etdiyi kimi, Avropanın enerji təhlükəsizliyi ilə bağlı bu gün yalnız təbii qaz müzakirə mövzusu deyil, həmçinin danışıqlara enerji bazarının digər seqmentləri, xüsusilə elektrik enerjisi, hidrogen və yaşıl hidrogen daxildir. Yeri gəlmişkən, ölkəmiz sadalanan məsələlərin həlli istiqamətində yeni layihələrin icrasını planlaşdırır.
Olduqca məhsuldar danışıqlarla yadda qalan Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində dost ölkənin “İl Sole 24 Ore” qəzetinə müsahibəsi də respublikamız və beynəlxalq ictimaiyyət tərəfindən maraqla qarşılandı. Prezident müsahibəsində regionda vəziyyətin sülhə doğru inkişaf etdiyinə ümidlə baxdığını qeyd edərək, ölkəmizin hazırlanan sülh sazişinin əsasında dayanan beş baza prinsipini irəli sürdüyünü və Ermənistanın bunu qəbul etdiyini də bildirib.
Prezident, həmçinin vurğulayıb ki, bizim regional inkişafla bağlı narahatlıq yaradan heç bir məqamımız yoxdur. Azərbaycanın sülhpərvər siyasətinin mesajlarını açıq şəkildə ifadə edən ölkə rəhbəri dünya dövlətlərinin də regionda sülhün yaranmasında maraqlı olduğunu və beynəlxalq tranzit xəttində bu bölgənin roluna xüsusi diqqət yetirdiyini bir daha xatırladıb. Dövlətimizin başçısı bu proseslə və regionda bir çox məsələlərlə bağlı Türkiyə və Azərbaycanın demək olar ki, vahid komanda kimi hərəkət etdiyini bildirərək, bu faktorun hamı tərəfindən nəzərə alınmasını da diqqətə çatdırıb. Bu mesaj bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək müttəfiqlik səviyyəsinin bəyanına çevrilib.
Prezident Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlıqdan danışaraq, İtaliyanın hər zaman Azərbaycanın Avropa İttifaqı ilə yaxınlaşmasına xoş münasibət göstərdiyini və bununla yanaşı, bu dövlətin həmişə ölkəmizin NATO ilə daha sıx əməkdaşlıq qurmaq səylərini dəstəklədiyini söyləyib.
Bu gün Avropanın enerji təhlükəsizliyi hər zaman olduğundan daha çox prioritet məsələdir və bu, Qərb dövlət başçıları tərəfindən də açıq etiraf edilir. Belə bir situasiyada Avropanın enerji sektorunda ən etibarlı tərəfdaşı olan Azərbaycan həm iqtisadi, həm də siyasi mövqelərini daha da gücləndirir.
Ərazi bütövlüyünü təmin etmiş Azərbaycan bu gün öz milli dövlət maraqlarını diktə etmək gücündədir. İqtisadi gücü və siyasi müstəqilliyi Azərbaycanı lider mövqeyə yüksəldib ki, bu da heç şübhəsiz ki, Prezident İlham Əliyevin yürütdüyü siyasətin məntiqi nəticəsidir.
Bu gün dövlət başçısının uğurlu daxili və xarici siyasətinin yekunu kimi nəinki Azərbaycan həqiqətləri dünyanın mötəbər tribunalarından səsləndirilir, həm də böyük dövlətlər, nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dövlət maraqlarımız qəbul olunur.
Prezidentin İtaliya səfəri bir həqiqəti yenidən təsdiqlədi ki, Azərbaycan beynəlxalq arenanın nüfuzuna və gücünə görə birmənalı olaraq qəbul olunan, öz sözünü açıq şəkildə ifadə edən dövlətlərdəndir. Yeni dünya düzəninə regionun lider dövləti kimi qədəm qoyan Azərbaycan müasir siyasi münasibətlər sistemində mövqeyinə və gücünə görə bütün dövlətlərlə bərabər səviyyəli münasibətlər qurub öz maraqlarını həyata keçirmək imkanına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev bu gün dünya liderləri sırasında uğurlu siyasəti və qətiyyəti ilə ölkəsini yüksək səviyyədə təmsil edir. Hazırda Azərbaycan özünün siyasi və iqtisadi baxımdan yüksəliş dövrünü yaşayır. Tarixə dövlətçiliyimizin qızıl dövrü kimi düşəcək bu yüksəlişin tək müəllifi isə Prezident İlham Əliyevdir.
Rəşad Mahmudov
Milli Məclisin deputatı