Modern.az

Mina terroru səngimir: Ermənistanı hansı cəza GÖZLƏYİR...

Mina terroru səngimir: Ermənistanı hansı cəza GÖZLƏYİR...

Aktual

19 Sentyabr 2022, 11:54

Ermənistanın Azərbaycana qarşı təxribatları səngimir. Ötən həftə sərhəddə baş vermiş silahlı toqquşmalardan sonra tərəflər arasında atəşkəs razılığı əldə olunsa da, işğalçılardan miras qalan minalar ərazilərimizdə böyük təhlükənin olmasından xəbər verir. Vəziyyət o qədər kritik hal alıb ki, Azərbaycan hərbçiləri və mülki şəxsləri hər an erməni terrorunun qurbanı ola bilərlər.

 

Müdafiə Nazirliyindən verilən məlumata görə, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Laçın və Daşkəsən rayonlarında genişmiqyaslı təxribatı zamanı qarşı tərəfin diversiya qruplarının sutkanın qaranlıq vaxtında ərazinin dağlıq relyefi və mövcud dərə boşluqlarından istifadə edərək müxtəlif istiqamətlərdə minaladıqları Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı ərazilər və təminat yolları mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənir.

 

Ərazidə aparılan minatəmizləmə fəaliyyəti nəticəsində 100 ədəd Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minası, 8 ədəd piyada əleyhinə PMN-2 minası və 10 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

 

Hazırda mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.

 

Ermənistanın Azərbaycan torpaqlarında saysız-hesabsız minalar yerləşdirməsi, müharibədən sonra mina xəritələrinin təqdim olunmaması İrəvanın cinayətkar mahiyyətini göstərir və bu addım beynəlxalq hüquqa tamamilə ziddir.

 

Bu barədə Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov bildirib ki, əslində Ermənistanın əraziləri minalaması, mina xəritələrini Azərbaycana təhvil verməməsi, verdiyi xəritələrin də qeyri-dəqiq olması müharibə cinayətlərinin davam etməsi deməkdir.

 

Onun sözlərinə görə, Ermənistan cinayətkar əməlinə görə mütləq cəzalandırılmalıdır:

 

“Burada cəza tədbirləri olaraq, ya müxtəlif sanksiyalar, ya da kompensasiya ödəmək ola bilər. Biz daha çox kompensasiyaya fokuslanırıq. Ermənistana müharibədən əvvəlki dövrdən Vətən müharibəsinə qədər rəhbərlik etmiş, hərbi-siyasi elita da bu prosesin iştirakçısı kimi cinayətə cəlb olunmalıdır. Ayrı-ayrı şəxslərə isə beynəlxalq səviyyədə məhkəmə, tribunal qurula bilər. Bu zaman həmin şəxslər cinayətlərinin ağırlığına görə mühakimə oluna bilərlər. Hesab edirəm ki, Azərbaycan hər iki baxımdan Ermənistanın cəzalanmasına nail olacaq”.

 

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov isə qeyd edib ki, Ermənistan minaların qadağan edilməsini nəzərdə tutan Ottova konvensiyasının üzvü deyil. Buna görə də, özünü günahsız hesab edir. Ermənistan Ottova konvensiyasına üzv olmasa da, onun digər üzv olduğu beynəlxalq konvensiyalar, xüsusilə də, Cenevrə konvensiyası mülki əhaliyə qarşı silahların işlədilməsini cinayət hesab edir.

 

H.Səfixanov vurğulayıb ki, Ermənistan minalama prosesini hələ də davam etdirir:

 

“Ermənilər tərk etdikləri və bundan sonra tərk edəcəkləri əraziləri minalamaqla məşğuldurlar. Müdafiə Nazirliyinin son bir ay ərzində verdiyi iki bəyanat onu göstərir ki, Ermənistan minalama prosesini davam etdirir. Onu da qeyd edim ki, bu minalar Ermənistan istehsalıdır. Hesab edirəm ki, Azərbaycanın rəsmi hakimiyyət strukturları, vətəndaş cəmiyyəti institutları faktları toplamağı davam etdirməlidir. Rəsmi strukturlar bu məsələni beynəlxalq təşkilatlarla daim gündəlikdə saxlamalıdır ki, müvafiq qərarlar alınsın. Faktlar yığıldıqdan və məhkəmə qurulduqdan sonra Ermənistan təzminat ödənilməli olacaq”.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?