Ölkənin ən böyük kibertəhlükəsizlik şirkətlərindən olan PROSOL, 21-22 sentyabr tarixlərində ikinci dəfə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”-nə həsr olunmuş tədbirə ev sahibliyi edəcək.
Modern.az xəbər verir ki, iki gün davam edəcək konfrans yerli və əcnəbi mütəxəssisləri bir araya gətirəcək.
Tədbirdə texnoloji təkmilləşmənin yarada biləcəyi hədələr və onlara qarşı mübarizə üsulları barədə məlumat mübadiləsi üçün uğurlu platforma təmin ediləcək.
Tədbirin ikinci günündə PROSOL Şirkəti ilə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin birgə təşkilatçılığı ilə CTF (Capture the Flag - Bayrağı Ələ Keçirt) yarışı təşkil olunacaqdır. Yarışda bu sahədə çalışan gənc mütəxəssislər öz bilik və bacarıqlarını sınaqdan keçirəcəklər.
Konfrans PROSOL Şirkəti tərəfindən ölkəmizdə “Beynəlxalq Kibertəhlükəsizlik Günü”nə həsr olunan ikinci tədbir olsa da, kifayət qədər beynəlxalq diqqət çəkməyi bacarıb.
Belə ki, tədbirdə İsrail, Türkiyə, ABŞ, Ukrayna, Latviya, BƏƏ kimi ölkələrdən kiber mütəxəssislər, həmçinin Nozomi, CheckPoint, SocRadar, Crowdstrike, Palo Alto Networks, Avnon Group, Nubs Group, Agritask, Pyramid Analytics, See Security, MONT, Elcore, Bakotech, Softprom kimi qlobal və regional şirkətlər, o cümlədən yerli tərəfdaşlar bir araya gələcək.
Belə bir tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda inkişaf etməkdə olan kibertəhlükəsizlik mühütinin daha da dayanaqlı xarakter almasına böyük töhfə olmaqdır.
PROSOL Şirkəti ölkəmizin bu sahədə regional mərkəz olması və region ölkələri üçün nümunəyə çevrilməsi missiyasını bundan sonra da yerinə yetirmək əzmindədir.