Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən üçtərəfli bəyanatların şərtlərini, eyni zamanda, beynəlxalq hüququn normalarını kobud şəkildə pozaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdilər. İşğalçı Ermənistan bu təxribatı ilə bir daha dünya ictimaiyyətinin gözü qarşısında revanşist niyyətlərindən əl çəkmədiyini nümayiş etdirdi. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında, müraciətlərində daim vurğulayır ki, Ermənistanda baş qaldırmaq istəyən revanşist qüvvələr dəmir yumruğun yerində olduğunu unutmamalıdırlar. Azərbaycan Ordusu öz uğurlu əməliyyatları ilə malik olduğu hərbi gücünü düşmənə dəfələrlə göstərib. Ermənistandakılar və onların havadarları 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusundan aldığı dərsi unutmağa çalışsalar da Silahlı Qüvvələrimiz erməni qoşunlarının növbəti genişmiqyaslı təxribatının qarşısını qətiyyətlə almaqla bir daha verilən dərsi onlara xatırlatdı.
Modern.az xəbər verir ki, bu fikirləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov söyləyib.
O qeyd edib ki, Azərbaycan öz suverenliyinə və ərazi bütövlüyünə təhlükəni neytrallaşdırmaq, hərbi qulluqçularının və dövlət sərhədinin yaxınlığında bərpa və yenidənqurma işlərində iştirak edən mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün adekvat tədbirlər görüb. Ermənistanın provokasiyalarına cavab tədbirləri məhdud xarakter daşıyıb və legitim hərbi hədəflərə yönəlib.
İstənilən təxribatın Ermənistana baha başa gələcəyini qeyd edən Tahir Süleymanov deyib: “Rəşadətli Ordumuz Ermənistanın təxribatlarına cavab olaraq, qısa zamanda və peşəkarlıqla üzərinə düşən vəzifələri yerinə yetirdi. Düşmənin strateji hərbi nöqtələri, şəxsi heyətlə birlikdə məhv edildi. Azərbaycan Silahlı Qüvvələri ölkəmizin sərhədlərinə və hərbi hissələrimizin mövqeyinə təhlükə yarada biləcək bütün əhəmiyyətli məntəqələri nəzarətə götürdü. Şəhidlərimizin qisası artıqlaması ilə alındı. Sentyabrın 13-də səhər saatlarından başlayaraq atəşkəs haqqında razılıq əldə edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri beynəlxalq birliyin diqqətindən siyasi manipulyasiya məqsədilə növbəti dəfə istifadə etdi. Böhranı daha da genişləndirməyə cəhd göstərən düşmən artilleriyadan və digər ağır silahlardan atəş açaraq sərhədyanı rayonlarda hücumları və təxribatları davam etdirib. Atəşkəs rejiminin Ermənistan tərəfindən pozulması nəticəsində Azərbaycan hərbi qulluqçuları arasında əlavə itkilər olub. Bundan əlavə, iki dinc sakin ağır yaralanıb”.
Tahir Süleymanovun sözlərinə görə, şanlı Qələbəmizdən sonra Ermənistanın törətdiyi hər bir təxribatın kökündə sülh sazişinin imzalanmasını gecikdirmək, Azərbaycan xalqının Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışını ləngitmək və regionda etimad quruculuğunu pozmaq dayanır. Azərbaycan dövləti tarixi Zəfərinin ilk günündən qarşı tərəfə sülh təklifini irəli sürür və eyni zamanda, bu təklifin uzun müddət masa üzərində qala bilməyəcəyini bəyan edir. Bu bəyanat Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Lakin, bu mesajı düzgün analiz edə bilməyən Ermənistan təxribatçı təcavüz aktlarını xaricdən olan himayədarlarının diktəsi ilə davam etdirərək, bütün beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq Azərbaycanın ərazi bütövlüyünün təhlükəsizliyinə və Cənubi Qafqazda sülhün əldə edilməsinə mane olur. Göründüyü kimi, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və onun ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə olunub. Sıravi erməni xalqı əsrlər boyu bu siyasətin qurbanı olub və məhz bu siyasətin nəticəsində Ermənistan müasir beynəlxalq münasibətlər sisteminin dalan dövlətinə çevrilib.
“Beynəlxalq təşkilatlar və ya böyük dövlətlər tərəfindən Ermənistana zamanında sanksiyalar tətbiq edilsəydi İkinci Qarabağ müharibəsi yaşanmazdı. BMT qətnamələrini təkbaşına yerinə yetirən Azərbaycan tarixi ədaləti bərpa etdi. Ordumuzun Vətən müharibəsindəki şanlı Qələbəsi regionda yeni reallıqlar yaratdı. Bu reallıqları Ermənistan tərəfi keçirilən görüşlərdə, ən əsası 2020-ci il 10 noyabr tarixli Bəyanatda qəbul etsə də konkret addımların atılması zamanı gəldikdə hərbi təxribatlar törətməklə vaxtı uzatmaqda maraqlı olduğunu nümayiş etdirir. Ermənistan hərbi avantüralarının, təxribatlarının nəticəsini görməli və bu cəhdlərə son qoymalıdır. Qırx dörd günlük Vətən müharibəsinin reallıqlarından biri budur ki, ermənilərin illərdir yaratdıqları “məğlubedilməz ordu” mifi darmadağın olub”, - deyə Ağsaqqallar Şurasının sədr müavini vurğulayıb.
O qeyd edib ki, son toqquşmalardan sonra baş nazir Nikol Paşinyan “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı və sülh sazişi imzalamalıdır” ifadəsini səsləndirib. Halbuki, bu vaxta qədər o, tamamilə başqa mövqe sərgiləyirdi. N.Paşinyanın bu qədər fərqli mövqedən çıxış etməsinin səbəbi Prezident İlham Əliyevin qətiyyəti və Azərbaycan Ordusunun gücü ilə hesablaşmaq məcburiyyətində qalmasıdır.