Azərbaycan Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin olunmasının tərəfdarıdır. Dövlətimiz Ermənistanla beynəlxalq hüquq normaları əsasında sülh sazişi imzalamağı təklif edib. Amma Ermənistan sülh təşəbbüslərinə adekvat cavab vermir. Rəsmi İrəvan üçtərəfli bəyanatların müddəalarını və əldə olunmuş razılıqları kobud şəkildə pozaraq silahlı birləşmələrini Azərbaycan ərazisindən tam çıxarmayıb. Eyni zamanda, Azərbaycanın ərazilərinin minalanmasını davam etdirib, bölgəyə ağır texnika və müxtəlif tipli silahlar yerləşdirərək, sərhədboyu mövqelərimizi atəşə tutub.
Son günlər baş verən gərgin hadisələr zamanı da Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını alıb, torpaq bütünlüyümüz uğrunda döyüşüb. Təəssüf ki, şəhidlərimiz və yaralılarımız var. Lakin igid döyüşçülərimiz şəhidlərimizin qanını yerdə qoymayıb, onların qisasını alıblar.
Belə taleyüklü məqamda xalqımız bir yumruq kimi həmrəylik nümayiş edirərək Prezidentimizin və şanlı ordumuzun ətrafında sıx birləşib. Amma bəzi radikal müxalifət nümayəndələri bu hadisələrdən özləri üçün siyasi dividend qazanmağa çalışırlar. Belə ki, Amerikada fəaliyyət göstərən azərbaycanlı jurnalist Sevinc Osmanqızının verilişində Şəhidlərimiz təhqir edilib. Canlı yayımlanan verilişdə aparıcı və onun qonaqları sentyabrın 12-si gecə saatlarından başlayan erməni təxribatının qarşısını almaq üçün canlarından keçən hərbçilərimiz haqqında antimilli fikirlər səsləndiriblər. Oxşar mövqe digər radikal düşüncəli şəxslər tərəfində də təkrarlanıb.
Xaricdə yaşayan və dövlətimizə qarşı addımları ilə tez-tez “gündəmə gələn” həmin şəxslər Azərbaycanı “təcavüzkar” adlandırmaqla ermənilərin tezislərini tirajlamış olublar. Eyni zamanda torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin Şəhid adlandırılmasının əleyhinə olduqlarını deyiblər.
Həmin şəxslərin aşağılayıcı fikirləri ilə bağlı danışan şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova onlara qarşı tədbir görülməsinin vacib olduğunu dilə gətirib.

O qeyd edib ki, Şəhid ailələri, onların yaxınları Şəhidlərin həmin şəxslər tərəfindən təhqir edilməsindən ciddi narahatdır.
“Mən onlara cavab vermək belə istəmirəm. Biz Azərbaycanın gələcəyi üçün, var olması üçün çalışan insanları, ən əzizlərimizi itirmişik. Bu gün də mücadiləmiz davam edir. Azərbaycanın, Vətənimizin ərazi bütövlüyünün qorunması, sərhədlərimizin müdafiəsi naminə fədakarlıq göstəririk. Əsgərlərimiz şəhid olublar. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün acılı günlərdir. Vətən oğullarının itkisi bizim hər birimizin canını acıtmalıdır. Dünyanın hansı ölkəsində yaşamağımızın fərqi yoxdur. Düşmən tərəfin reaksiyasına baxın. Sülh müqaviləsini imzalamaqdan imtina edirlər. Qarşı tərəf düşmənçiliyini saxlayırsa, ərazi bütövlüyümüzü tanımırsa, azad etdiyimiz torpaqları yenidən işğal etmək istəyirsə, biz necə sakit dayana bilərik? Müharibə bitməyib. Onlar bizim sərhədlərimizi tanımırlarsa, müharibə bitmiş sayılmayacaq. Bacardığımız qədər milli kimliyimizi, Şəhidlərimizi qorumağa borcluyuq.
Bizim oğullarımız Vətən müharibəsində öz sözünü dedi. Bizim üzərimizə düşən isə hər bir təxribatda Zəfəri layiqincə qorumaqdır. İnformasiya müharibəsində, siyasi müstəvidə, sərhədlərimizin müdafiəsində, ölkənin daxilində qorumalıyıq. Bunu edə bilməyəcəyiksə, Şəhidlərimizin məzarını nə üzlə ziyarət edə bilərik?
Hamımız çalışmalıyıq ki, müqəddəs missiyanı layiqincə sona çatdıraq. Ermənilər Qafqazda Azərbaycanın üstünlüyünü, ərazi bütövlüyümüzü tanımalıdır. Biz torpaqlarımızı qan bahasına geri qaytarmışıq. 30 ildə bizə etdiklərini, faciələrimizi, soyqırımlarını unuda bilmərik. Sentyabrın 12-si mövqelərimizə məhz ermənilər hücum ediblər. Əsgərlərimizi Şəhid ediblər. Biz nə etməliydik? Oturub gözləməli idik ki, yenidən qanla geri aldığımız torpaqlarımzı işğal etsinlər?
Xaricdə, ya da elə ölkənin daxilində Azərbaycana qarşı bu cür ifadələr işlətmək Şəhidlərimizin qan bahasına apardığı mücadiləyə kölgə salır. Hüquq mühafizə orqanları heç bizim müraciətimizi gözləmədən belə şəxslərə qarşı öz işini görməlidir. Biz bu məsələ ilə bağlı aidiyyatı orqanlara müraciət edirik. Şəhdilərimizə qarşı bu cür antimilli mövqe qoyan, bizi təhqir edən qüvvələr cinayət məsuliyyətinə cəlb edilməlidir. Necə yəni, torpaqlarımız uğrunda Şəhid olanlar Şəhid deyil. Bu ifadəni ancaq erməni işlədə bilər”, - deyə Sevinc Orucova qeyd edib.

Milli Məclisin deputatı Azər Kərimli isə qeyd edib ki, Azərbaycan xalqı tarix boyunca milli maraqlarımızla bağlı bütün məsələlərdə birlik və həmrəylik nümayiş etdirib, torpağına, dövlətinə sahiblənib, çətinliklərə sinə gərib:
“Amma təəssüf ki, xalqımızı hər zaman məğlub görmək istəyən, milli mənafeyimizi özgə maraqlarına qurban verməyə hazır olan bir qrup radikal müxalifət təmsilçisi heç vaxt bu birliyin içərisində yer almayıb, uğurlarımızdan əndişələnib, qələbəmizdən bizə düşmən kəsilən xarici qüvvələr qədər narahatlıq keçiriblər.
Bəlli məhdud qrupu təmsil edən Əli Kərimli və digərlərinin xalqımız üçün həyati əhəmiyyət kəsb edən bu zaman kəsiyində ənənəvi "beşinci kolon" missiyasını icra etmələri təəccüb doğurmur. Bu şəxslər 44 günlük Vətən müharibəsində də, işğalçı ölkə üzərində tarixi qələbəmizdən sonra da eyni yanaşmanı nümayiş etdirirdilər. Belələri üçün müqəddəs heç bir dəyər yoxdur, yalnız korporativ siyasi maraqlar, təlimatlarını icra etdikləri xarici dairələrin mənafeyi var".
Azər Kərimli Azərbaycan xalqının Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə tarixinin ən şərəfli və ən məsuliyyətli dövrünü yaşadığını vurğulayıb:
"Müzəffər Ordumuz tarixi qələbəmizdən sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək istəməyən Ermənistanı sülhə məcbur edir, yüksək döyüş ruhu, peşəkarlıq nümayiş etdirir. Belə bir zamanda milli qüruru, təəssübkeşliyi olan hər bir azərbaycanlı dövlətinin, Ordusunun yanındadır. Yalnız bu hisslərdən və Vətən sevgisindən uzaq düşənlər qanımıza susayan düşmənin və onun himayəçilərinin yanında yer alıblar. Deməli, onlar bizlərdən biri deyil və olmayacaqlar".
Deputat onu da bildirib ki, xalqımız ən qısa zamanda növbəti tarixi zəfərini, Cənubi Qafqaza sabitlik, sülh və rifah gətirəcək tarixi hadisələrə şahidlik edəcək, milli birliyimizin növbəti təntənəsini yaşayacaq:
“Bizim haqlı tərəf olduğumuz hər kəsə bəllidir. Hətta bəziləri bunu etiraf edə bilməsələr də. Amma müasir dünyada gücü olmayanın haqqı tanınmır. Biz haqqımıza Ali Baş Komandanın iti zəkası və qətiyyətli, Müzəffər Ordumuzun rəşadəti ilə sahiblənirik”.

Aysel Aslan
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.