27 sentyabr 2020-ci il Azərbaycan tarixində qələbəyə gedən yolun başlanğıcı kimi qızıl hərflərlə yazılıb. Minlərlə qəhrəman Azərbaycan oğlu bu gün döyüş meydanına toplaşaraq, rəşadətli mübarizəyə başlayıb. Nəticədə 30 ilə yaxın düşmən tapdağında qalan Azərbaycan torpaqları azad edilib.
Modern.az Vətən Müharibəsi iştirakçılarının döyüşlərin ilk günləri ilə bağlı təəssüratlarını öyrənib.
“İntiqam hissi bizə güc verirdi”
44 günlük müharibədə qəhrəmanlıq nümayiş etdirmiş Tarix-Coğrafiya müəllimi Kamil Kazımov iki il öncəki 27 sentyabr tarixini belə xatırlayır:

“Sentyabrın 26-dan 27-nə keçən gecə demək olar ki, yata bilmədim. 27-si səhər saatlarından Müdafiə Nazirliyinin rəsmi səhifəsindən müharibənin gedişi barədə məlumatlar əldə etməyə çalışırdıq. Günortaya yaxın bizim kəndin ilk şəhid xəbəri gəldi. Yüksək rütbəli zabit Mehman Şirinovun Murovdağ ətrafında gedən döyüşlərdə şəhid olması xəbərini aldıq. Artıq müharibənin nə qədər ciddi olduğunu anlayırdıq. Fikrimdə yalnız bu idi ki, məndən yaşca kiçik olan uşaqlar ön cəbhədədirsə, xidmət edirlərsə, mümkün deyil ki, mülki həyatda qalıb, yalnız bu yolla dəstək verməyə çalışım. Vətən övladı kimi öz borcumu ödəməli, müəllim kimi şagirdlərimə nümunə olmalıyam. Buna görə də yerli icra nümayəndəsi ilə əlaqə saxladım. Hələ səfərbərlik yox idi. Ancaq mən qeyd etdim ki, əgər səfərbərlik elan olunarsa, mütləq xəbər edin. 27-si günü Murovdağın alınması xəbəri ilə sevindik.
Ayın 28-i günorta radələrində icra nümayəndəsi zəng etdi ki, artıq birinci qrup səfərbərliyə yola düşəcək. Mən də öz hərbi biletimi götürdüm, ailəmlə sağollaşıb getdim. Ayın 28-i bizi Beyləqana apardılar, silah və forma ilə təmin etdilər. Oktyabrın əvvəllərindən Qaraxanbəyli istiqamətində hücumlarımız başladı. Şəhidlərimiz oldu. Onların arasında yüksək rütbəli zabitlərimiz də var idi. Ancaq biz ruhdan düşmədik, irəli getmək barədə düşünürdük. Xocalı faciəsi gözümüzün önündə canlanırdı. General Polad Həşimovun şəhid olmasını özümüzə bağışlaya bilməzdik. Düşmənə qarşı nifrət hissi ilə döyüşə yollandıq. İntiqam hissi bizə güc verirdi. Şükürlər olsun ki, torpaqlarımızı azad edə bildik.
Oktyabrın axırlarına qədər Füzulidə gedən döyüşlərdə tabor şəklində iştirak etmişik. Noyabrın əvvəllərində Xocavənd, daha sonra Şuşa istiqamətində döyüşlərdə olmuşam. Noyabrın 9-dan 10-a keçən gecə atəşkəsin elan olunması, Ermənistan baş nazirinin kapitulasiya aktına imza atması xəbəri gəldi. Açığı deyim, biz bu xəbərə o qədər də sevinmədik. Biz daha da irəliyə getmək istəyirdik. Dayanmaq fikrimiz yox idi. Hər dəfə qardaş dediyimiz şəxslərin şəhid olmasının qisasını almaq üçün vuruşurduq. Döyüşlərin dayandırılması bizi məyus etdi. Sonadək düşməni məhv etməyi qarşısımıza məqsəd qoymuşduq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün onların sayəsində torpaqlarımız azaddır. O günləri yaşayan biri kimi deyə bilərim ki, igidlərimiz gözlərini belə qırpmadan Vətən uğrunda ölümə gedirdilər. Onların ruhları qarşısında baş əyirik”.
“Heç nədən qorxmadan irəli gedirdik”

Vətən Müharibəsi qazisi Rövşən İbadlı sentyabrın 27-də Füzuli istiqamətinə döyüşə başladıqlarını bildirib:
“Ancaq irəli gedirdik. Qorxmadan, çəkinmədən Qarabağı azad etmək üçün döyüşə başlamışdıq. Bu günü çoxdan gözləyirdik. Həmin anı yaşamaq bizə qismət oldu. İlk günlərdə itkilərimiz olurdu, ancaq düşmənin itkiləri bizdən qat-qat çox idi. Biz iki şəhid verəndə düşmən 200-300 əsgərini itirirdi. Heç nədən qorxmadan irəli gedirdik. Düşmənə layiq olduğu dərsi verib, onlara sözün əsl mənasında qan uddururduq. Füzulini azad etdikdən sonra Xocavənddə Qırmızı bazar istiqamətində döyüşlərdə minamyot zərbəsi nəticəsində yaralandım. Döyüşü yarımçıq qoyduğum üçün çox pis oldum. Əməliyyat keçirdim. Hazırda bədənimdə 9 qəlpə qalır. Cənub bölgəsində vəziyyəti ən ağır olan qazi mənəm. Müharibə bitəndə xəstəxanada idim. Qələbə xəbərini alanda sevincimin həddi-hüdudu yox idi”.
“Həyatda görmədiyimiz, ağlımıza gəlməyən hadisələrin şahidi olduq”

Vətən Müharibəsi başlayanda əsgər kimi xidmətdə olan Sadiq Mirzəyev tarixi Zəfərin qazanılmasında iştirak etdiyinə görə özünü xoşbəxt saydığını söyləyib:
“Mən 2020-ci ilin yanvarında əsgərliyə getmişdim. Müharibə başlayanda artıq xidmətimin 9-cu ayı idi. Doğrudur, müharibədən əvvəl Alıxanlı kəndində postda xidmətdə olmuşam. 27 sentyabr tarixi xatirəmdə çox dəhşətli gün kimi qalıb. O günədək həyatda görmədiyimiz, ağlımıza gəlməyən hadisələrin şahidi olduq. Şiddətli döyüşlər gedirdi. Döyüşlərin şiddətinə baxmayaraq, biz ancaq irəliləyirdik. Tanklarımız irəliyə doğru gedirdi. Heç nədən çəkinmədən vuruşub, düşməni məhv edirdik. Döyüşlər həqiqətən də dəhşətli idi. Heç filmlərdə belə səhnələri görməmişdik. İlk günlər bizə çətin idi. İlk dəfə idi ki, müharibə görürdüm. Sonra mənim üçün adı hal aldı. Hər gün yeni əraziləri azad edirdik. İntiqam hissi bizi ruhlandırırdı. Məqsədimiz düşməni darmadağın edib, torpaqlarımızı azad etmək idi. O cür dəhşətli döyüşlərdən sonra qələbə qazanacağımıza əmin idik. Müharibə o qədər dəhşətli idi ki, döyüş dayananda düşmən tərəfi sevinirdi. Onlar sevincdən havaya atəş açırdılar. Biz isə sona kimi vuruşmağı hədəfləyirdik”.