Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti İranın xüsusi xidmət orqanlarına işləyən Azərbaycan vətəndaşları ilə bağlı əməliyyat keçirib. Əməliyyat nəticəsində İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşmə ifşa edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı rəsmi məlumatda İranın Azərbaycandakı səfirliyinin də adı keçir. Belə ki, araşdırmalar zamanı hərbi təlimlərə cəlb edilmiş Məmmədov Fəqan Sədrəddin oğlunun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.
Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Rasim Musabəyov bildirib ki, İrana dərhal nota verilməlidir:
“Səfirliyin belə bir yaramaz işə qarışdırılaması faktı təsdiqlənibsə, İrana nota verilməlidir. Bu işi təşkil edən şəxslər ölkədən çıxarılmalıdır”.
Deputatın sözlərinə görə, İranın Azərbaycan ərazisində öz şəbəkəsini yaratmaq və dövləti sarsıtmaqla bağlı cəhdləri həmişə olub: "Azərbaycan dövlətinin bu cəhdləri vaxtında zərərsizləşdirməyə gücü çatıb. Əminəm ki indi də belə olacaq".
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə vurğulayıb ki, İranın bu addımı təəccüblü deyil:
“İran istər ideoloji, istər hərbi, istərsə də iqtisadi baxımdan həmişə Azərbaycana qarşı təxribat-kəşfiyyat işi aparıb. İran uzun müddət din pərdəsi altında Azərbaycanda böyük bir kütləni öz tərəfinə çəkib. Bununla da, sanki etiraz elektratı yaradıb. Sübut etməyə çalışıblar ki, guya bizdə hansısa din azad deyil. Amma bunların "yatmış agent" prinsipi də var. Bəzi agentlərini saxlayırlar ki, istənilən vaxt düyməyə basıb, nəsə iş görsünlər. Bu silahlı dəstələr məhz buna nümunədir. Məqsəd həmin agenturanın istənilən vaxt təxribat törədə bilməsidir".

Ekspertin sözlərinə görə, Azərbaycanda İranın təxribat törətdirə biləcəyi başqa qüvvələri də var:
"Onlara qarşı da mübarizə aparmaq lazımdır. Azərbaycan hüquqi xidmət orqanları belə hallara qarşı mübarizə aparır. Ancaq vətəndaşlarımız da ayıq-sayıq olmalıdır. Çünki İran həmişə həssas mövzu olan dinlə Azərbaycana təsir göstərmək istəyir. Bizdə maarifləndirici işlərin görülməsinə ehtiyac var. Xüsusilə də, sosial şəbəkələrdə iranpərəst qüvvələr açıq şəkildə fəaliyyət göstərirlər. Azərbaycan ərazisində olan belə şəxslər birmənalı olaraq cəzalandırılmalıdır".
İ.İsmayıl onu qeyd edib ki, İran səfirliyinə məxsus nəqliyyat vasitəsinin məlum hadisədə adının hallanmasını siqnal kimi qəbul etmək lazımdır:
"Bu, İranın açıq-aşkar diplomatik toxunulmazlıqdan istifadə edərək kəşfiyyat-təxribat işi ilə məşğul olmasını göstərir. Məhz bu səbəbdən İrana məxsus bütün diplomatik maşınlar və diplomatik statusu olan şəxslər yoxlanılmalıdır. Artıq əlimizdə əsas var. İran bütün vasitələrdən istifadə edir".
Ekspertin fikrincə, İranın Azərbaycana qarşı ən çox istifadə etdiyi vasitə Ermənistandır:
"Təxribat məqsədli işlərdə Azərbaycan vətəndaşlarından istifadə edilsə də, daha çox ermənilərə üstünlük verirlər. Bununla İran bizə təzyiq göstərmək istəyir. Paşinyan-Rəisi görüşü təsdiq etdi ki, İran Ermənistana silah verməyə hazırdır. Diqqət edin, satmağa yox, verməyə hazırdır. İran Ermənistanın dostu, Azərbaycanın düşmənidir. Bu, bizim yox, məhz İranın mövqeyidir".
Həmçinin oxuyun:
DTX İranın yaratdığı silahlı birləşməni ifşa etdi - VİDEO