Modern.az

Cənublu soydaşlarımız: Dövlətimiz Azərbaycan, liderimiz İlham Əliyevdir

Cənublu soydaşlarımız: Dövlətimiz Azərbaycan, liderimiz İlham Əliyevdir

Aktual

4 Noyabr 2022, 10:16

Cənubi Azərbaycanda yaşayan soydaşlarımız maraqlı aksiyaya başlayıblar. Onlar Təbriz, Ərdəbil və digər şəhərlərin mərkəzi küçələrinə Prezident İlham Əliyevin fotosu olan posterlər vuraraq, Azərbaycana dəstək nümayiş etdiriblər.  

 

Fotonun üzərində “Güney Azərbaycan sizin arxanızdadır, cənab Prezident” yazısı qeyd olunub. Diqqət çəkən nüanslardan biri fotoda olan yazının farsca deyil, məhz əski Azərbaycan əlifbası ilə yazılması olub. Soydaşlarımızın başlatdığı aksiya sosial şəbəkələrin Azərbaycan seqmentində maraqlı müzakirələrə səbəb olub.

 

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib ki, dünya azərbaycanlılarının bir Vətəni var, o da Azərbaycandır. Deputatın sözlərinə görə, cənublu qardaşlarımızın keçirdiyi aksiya təsadüfi deyil:

 

“Cənublu qardaşlarımız Azərbaycanı öz Vətəni, cənab İlham Əliyevi də öz liderləri kimi qəbul etdikləri üçün onunla fəxr edirlər. Çünki Prezident İlham Əliyev dünya azərbaycanlıları üçün çox uğurlu liderdir. İlham Əliyev Azərbaycan torpaqlarını Ermənistan işğalından azad etmiş müzəffər liderdir. O, hazırda Azərbaycanı inkişaf etmiş dövlətlər səviyyəsinə qaldırmaqdadır. Müasir beynəlxalq siyasət sistemində Azərbaycanın təsirli rolu məhz İlham Əliyev tərəfindən təmin olunur. Soydaşlarımız ona görə fəxr edirlər ki, Azərbaycan Prezidenti İlham Əliyev dünya səviyyəsində hörmət və ehtirama layiq görülən liderdir. Azərbaycan bu gün tək regional yox, həm də qlobal təhlükəsizlik üçün təşəbbüslər göstərən, əsas rol oynayan dövlətdir. Bu baxımdan cənab Prezidentin posterlərinin vurulması təsadüfi deyil”.

 

Bununla cənublu qardaşlarımız İran hökumətinə hansı mesajı verib?

 

E.Mirbəşiroğlu cavabında deyib: “Cənubdakı soydaşlarımızın Vətən müharibəsi zaman İran-Azərbaycan sərhədi boyunca Azərbaycan əsgərinə dəstək şüarları səsləndirdiyini xatırlatmaq istərdim. İndi də təbii olaraq, son günlər yaşanan gərginlik fonunda ana vətənlərinin yanında olduğunu, Azərbaycana qarşı yönəlmiş ədalətsiz mövqeyə qarşı fəal olduqlarını çəkinmədən nümayiş etdirirlər”.

 

Güney Azərbaycandan olan siyasi şərhçi Məhsa Mehdili də ölkəmizə dəstəyini ifadə edib:

 

"Biz Güney azərbaycanlılar olaraq Azərbaycan dövlətinin hər zaman yanındayıq və bundan sonra dəstək verməyə hazırıq. Qarabağ məsələsi Güney və Quzeyin heç ayrılmadığını göstərir. İran rejimi çalışsa da, Cənub və Şimalı ayıra bilməyəcək, bunu çox yaxşı bilirlər. İranda öz sözümüzü deməyə qadirik. Bir millətin özünü idarə edə biləcək bütün xüsusiyyətlər bizdə var".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?