Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ötən gün keçirilən növbədənkənar prezident seçkilərində 81,31% səslə qalib gəlib.
Modern.az xəbər verir ki, Qazaxıstan Mərkəzi Seçki Komissiyasının (MSK) ötən bazar günü keçirilmiş prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi ilə bağlı iclası keçirilib.
Qazaxıstanda baş tutan növbədənkənar prezident seçkilərində seçici fəallığı 69,44 faiz təşkil edib. Ölkədə 11 milyon 953 min vətəndaşın səsvermə hüququ var, onlardan 8 milyon 300 min 46 nəfəri səs verib.
Mərkəzi Seçki Komissiyasının məlumatına görə, respublikanın hazırkı prezidenti Kasım-Jomart Tokayev 6 milyon 456 min 392 və ya 81,31 faiz səs toplayıb. Onun rəqibləri Jiquli Dayrabayev 3,42% (271 641 səs), Meyram Kacıken - 2,53% (200 907), Karakat Abden - 2,6% (206 206), Saltanat Tursynbekova - 2,12% (168 731 səs) səs toplayıb.
Qeyd edək ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin andiçmə mərasimi noyabrın 26-da baş tutacaq.
Qanuna əsasən, andiçmə mərasimində Mərkəzi Seçki Komissiyasının sədri yeni seçilmiş prezidentə prezident şəhadətnaməsini təqdim edəcək.