Dünən Kəlbəcər rayonunda ermənilərin basdırdığı minaya düşərək şəhid olan gizir Zöhrab Hümbətovla vida mərasimi başa çatıb.
Modern.az xəbər verir ki, Tovuz rayonunun Aşağı Quşçu kəndində, şəhidin ailəsinin yaşadığı evin qarşısında keçirilən mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Şəhid Z.Hümbətovun üçrəngli Azərbaycan bayrağına bükülən tabutu dəfn edilmək üçün Aşağı Quşçu kənd qəbiristanlığına aparılır.
Qeyd edək ki, dekabrın 14-də, saat 18 radələrində Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində 8 nəfər minaya düşüb.
Aparılmış ilkin araşdırmalarla müəyyən olunub ki, təmir-tikinti işləri ilə məşğul olan şirkətin 4 nəfər əməkdaşı Kəlbəcər rayonunun Çıraq kəndi ərazisində piyada əleyhinə minaya düşüb.
Həmçinin, müəyyən olunub ki, təxliyə ilə bağlı hadisə yerinə yollanan 4 nəfər hərbçi də minaya düşüb, onlardan 3-ü müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1-i isə ölüb.
Mina partlaması nəticəsində həlak olan şəxs Azərbaycan Ordusunun hərbi qulluqçusu Hümbətov Zöhrab Məhəmməd oğludur.