Azərbaycan-Serbiya əlaqələri fərqli mədəniyyətlərə sahib olan xalqların qurduqları dövlətlər arasındakı yüksək səviyyəli tərəfdaşlıq və müttəfiqlik münasibətləri baxımından beynəlxalq münasibətlər sistemi üçün unikal nümunədir.
Bu sözləri Modern.az saytına açıqlamasında Milli Məclisin deputatı, Avronest Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Azər Kərimli deyib.
Deputat Azərbaycan və Serbiya arasındakı qarşılıqlı etimadlı münasibətlərin inkişafında hər iki dövlətin başçısının müstəsna xidmətləri olduğunu bildirib:
“Tarixin bütün dövrlərində olduğu kimi bu günümüzdə də dövlətlərarası münasibətlərin inkişafında şəxsiyyət amili mühüm rol oynayır. Prezident İlham Əliyevin qlobal miqyasda ölkəmizi beynəlxalq münasibətlər sisteminin öz öhdəliklərinə sadiq qalan, məsuliyyətli, prinsipial, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinə böyük əhəmiyyət verən, özü ilə yanaşı tərəfdaş, müttəfiq ölkələrin maraqlarını da eyni cəsarət və qətiyyətlə müdafiə etməyi bacaran bir dövlət kimi tanıtması, Azərbaycana olan yüksək etimadı şərtləndirən əsas amillərdən biri və birincisidir. Prezident Aleksandr Vuçiç də bu amili mətbuat üçün bəyanatında xüsusi olaraq vurğuladı və qeyd etdi ki, iki ölkə liderinin güclü və səmimi dostluğu sayəsində Azərbaycanı Serbiyaya, Serbiyanı isə Azərbaycana qarşı döndərmək mümkün deyil”.
Azər Kərimli Azərbaycan-Serbiya əlaqələrinin hər iki ölkənin xalqlarının rifahı üçün böyük perspektivi olduğunu vurğulayıb: “Həm Azərbaycan, həm də Serbiya ərazisindən Mərkəzi Asiya və Avropa üçün müstəsna önəm daşıyan nəqliyyat dəhlizləri keçir. Hər iki ölkə logistik imkanlarının genişləndirilməsində maraqlıdır və bu istiqamətdə çoxsaylı layihələr həyata keçirir. Serbiya ərazisindən iki Panavropa Nəqliyyat dəhlizi keçir. Serbiyanın Macarıstan, Rumıniya, Bolqarıstan, Makedoniya, Bosniya və Hersoqovina, Xorvatiya, İtaliya, Almaniya da daxil olmaqla 15 ölkə ilə birbaşa dəmir yolu əlaqəsi var. Bu isə yük daşınmalarında nəqliyyat xərclərinin azaldılması və vaxta qənaət edilməsi baxımından olduqca əhəmiyyətlidir. Bu baxımdan, Azərbaycan və Serbiya ərazilərindən keçən nəqliyyat dəhlizləri arasında uzlaşma və bağlantının yaradılması istiqamətində həyata keçirilən intensiv tədbirlər hər iki ölkənin beynəlxalq yükdaşınmalarındakı rolunu daha da artıra bilər. Bu isə həm qarşılıqlı əlaqələrin, iqtisadi münasibətlərin inkişafı, həm də hər iki ölkənin geostrateji mövqelərinin möhkəmləndirilməsi baxımından böyük önəm kəsb edir”.
Deputat Serbiya prezidentinin ölkəmizə işgüzar səfərinin qarşılıqlı münasibətlərin inkişafı aspektindən əhəmiyyətli olduğunu, Azərbaycan-Serbiya münasibətlərinin bundan sonra da bir çox istiqamətlər üzrə sürətlə inkişaf edəcəyinə əminliyini qeyd edib.