Gəncə Dövlət Universitetinin Elmi Kitabxanası respublikanın zəngin ali məktəb kitabxanalarından biridir. Bu elmi kitabxana milli nəşrləri, Azərbaycan müəlliflərinin əsərlərini, dünya ədəbiyyatı nəşrlərini, o cümlədən çap olunmuş kitabları mühafizə edən milli xəzinə və dövlət kitabxanasıdır.
1938-ildən fəaliyyət göstərən kitabxana fondu hazırda 348446 nüsxədir. Gəncə Dövlət Universitetinin Əsaslı Kitabxanasının fəaliyyəti bütün şöbələrdə mütəşəkkil şəkildə təşkil edilib. Hal-hazırda kitabxana müasir kitabxanaların tələblərinə cavab verir.
Bu gün kitabxana yalnız kitablar və dövri mətbuat materialları ilə deyil, tam mətnli elektron resuslarla da zəngindir. Fondların tərkibi oxucu sorğularına uyğun yeni ədəbiyyatlarla zənginləşdirilir.
Son illər ərzində Universitet rəhbərliyinin diqqət və qayğısı nəticəsində kitabxana fondu xeyli zənginləşdirilib, müasir texnologiya avadanlıqları ilə təmin olunub. Universitetin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzinə çevrilib.
Hazırda Gəncə Dövlət Univesietitinin Elmi kitabxanası Əsaslı kitabxana, 3 şöbə, 1 filial və 3 qiraət zalından ibarətdir.
Universitetin kitabxanasında müasir texnologiyaların tətbiqinə xüsusi önəm verilir. Burada lokal kompüter şəbəkəsi yaradılıb. Əsaslı Kitabxana yüksək internetlə təmin olunmuş kompüterlə təmin edilib.
Gəncə Dövlət Universiteti Kitabxanasının fonduna ötən il ərzində 432 adda 1171 nüsxə müxtəlif profilli ədəbiyyat daxil olub. Onlardan 380 adda 1014 nüsxəsi Azərbaycan dilində, 42 adda 68 nüsxəsi rus dilində, 3 adda 6 nüsxə ingilis dilində olan ədəbiyyatlardır.
Gəncə Dövlət Universitetində əsaslı kitabxananın filialı kimi fəaliyyət göstərən Nuru Paşa adına Kitabxana ən zəngin kitabxanalardan biri sayılır. Müasir standartlara uyğun təmir edilən, yeni rahat mebel avadanlıqları ilə təmin olunan Nuru Paşa adına Kitabxanada Filologiya və Xarici dillər fakültələrinin profilinə uyğun bütün ədəbiyyatlarla komplektləşdirib. Bununla yanaşı, dərs vəsaitlərinin elektron versiyaları təmin edilib. Müasir avadanlıqla təchiz olunan kitabxanada 40000 kitab mövcuddur. Kitabxananın geniş oxucu kütləsinə malik böyük oxu zalı , internetlə təmin olunan komputerləri, proyektoru vardır.
Gəncə Dövlət Universitetinin Əsaslı kitabxanasında Qızıl Fond da yaradılıb. Fonda XVIII–XX əsrləri əhatə edən rus, ərəb, fars, alman, əski əlifba ilə nəşr olunmuş kitablar və əlyazmalar saxlanılır. Kitabların ən qədimi XVIII əsrə aid “Qurani-Kərim”dır. Həmçinin qədim adət ənənələrimizi gələcək nəsillərə çatdırmaq üçün “Qızıl fond” xüsusi dizayn edilib. Qədim abu-havaya malik olan bu otaq mini muzeyi xatırladır.
Burada tələbələrlə söhbət aparan zamanı məlum oldu ki, kitabxanalarda yaradılan şərait onların ürəyincədir, imtahanlar ərəfəsində isə tələbələrin kitabxanalara müraciət etməsi daha yaxşı nəticə əldə etməsinə səbəb olur. Yaxın gələcəkdə isə univesitetin Elmi kitabxanasının yeni ədəbiyyatlarla zənginləşdirilməsi nəzərdə tutulur.
