Modern.az

Zelenski Əliyevə niyə zəng etmişdi - Kiyev bunu yaxşı bilir

Zelenski Əliyevə niyə zəng etmişdi - Kiyev bunu yaxşı bilir

Aktual

17 Fevral 2023, 18:03

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Rusiya lideri Vladimir Putinlə telefon əlaqəsi saxlayıb. Söhbət zamanı Cənubi Qafqaz regionunda cari vəziyyət barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin təmin olunması məqsədilə ardıcıl tədbirlərin görülməsinin əhəmiyyəti qeyd edilib. Bu kontekstdə Rusiya, Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə əldə olunmuş müvafiq razılaşmaların qeyd-şərtsiz yerinə yetirilməsinin vacibliyi önə çəkilib.

 

Putinlə danışıqlardan bir gün sonra Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycanın dövlət başçısına zəng edib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.

 

Hazırda müharibə şəraitində olan iki ölkə başçısının - Putin və Zelenskinin Azərbaycan lideri ilə danışıqlar aparması nədən irəli gəlir? Telefon zənglərinin pərdəarxası məqamları varmı?

 

 

Məsələ ilə bağlı Modern.az-a danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli vurğulayıb ki, burada xüsusi məna axtarmağa ehtiyac yoxdur, çünki hər iki lider fərqli məsələlər ətrafında danışıb:

 

"Cənubi Qafqazda mürəkkəb proseslər gedir. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ətrafında müəyyən hadisələr cərəyan edir. Rusiya Cənubi Qafazda fəallığını, moderatorluğunu təmin etməyə çalışır. İndi Rusiya ilə Ermənistan arasında gərginliklər var. Azərbaycan isə sülh müqaviləsinin ədalətli şəkildə imzalanmasına çalışır. Bu istiqamətdə səylər göstərir. Prezident bir neçə gün öncə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul etdi. Daha sonra Putinə zəng vurdu. Zelenskinin telefon zəngi isə regionda gedən proseslərə istiqamətlənməmişdi. Danışıqlar zamanı Azərbaycanın mütəmadi olaraq Ukraynaya göstərdiyi humanitar yardımlara toxunulmuşdu. Zelenski Azərbaycan Prezidentinə təşəkkürünü bildirdi. Zelenski, həmçinin bundan sonra beynəlxalq arenada ölkələrimizin həmrəylik göstərməsinin önəmini vurğuladı. Yəqin ki,  söhbət zamanı prinsipial razılaşmaya nail olunub".

 

 

Bundan əlavə, Q.Hüseynli Azərbaycanın Ukraynaya həm humanitar yardım göstərdiyini, həm də mənəvi dəstək verdiyini vurğulayıb:

 

"Ukrayna Azərbaycanın onun haqq işini müdafiə etdiyini yaxşı bilir. Ukrayna təcavüzkar dövlət deyil. Azərbaycan da eyni rolda çıxış edən ölkədir. Biz bir çox beynəlxalq məclislərdə Ukraynın ərazi bütövlüyünü müdafiə edirik. Təbii ki, beynəlxalq hüquq normalarına uyğun olaraq Ukraynada gedən müharibənin dayandırılmasını istəyirik. BMT, Avropa İttifaqı kimi beynəlxalq təşkilatlarda Ukrayna ilə bəzi məsələlərdə ortaq çıxış edirik. Yalnız bəzi məqamlarda açıq formada Ukraynanı dəstəkləməsək də, bunu Kiyev yaxşı başa düşür. Bilir ki, ortada Rusiya faktoru var. O, faktora uyğun olaraq Azərbaycan Rusiyanın əleyhinə gedə bilməz. Buna görə də, mövcud vəziyyət Ukrayna tərəfindən anlayışla qarşılanır".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?