Siyasi sistemin müasir tələbləri sırasında təşkilatların daim yenilənməsi, idarəçilikdə islahatların aparılması, müasir prinsiplərə uyğunlaşdırılması xüsusi yer tutur. Bu baxımdan Azərbaycanın siyasi həyatında örnək olan ünvan Yeni Azərbaycan Partiyasıdır. Müstəqil dövlətimizin dirçəlişində və inkişafında müstəsna faktor olan bu partiya yaxın tariximizin həm ictimai, həm də siyasi düşüncəsində elə iz qoyub ki, belə nəticə heç bir təşkilat tərəfindən təkrarlana bilməz.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qurularaq məhv olmaq təhlükəsi ilə üzləşən ölkəmizi son dərəcə ağır olan bu durumdan xilas edən və yeni müstəqil dövlət idarəçiliyini formalaşdıran komandanın nüvəsi sayılan Yeni Azərbaycan Partiyası (YAP) bütün mənalarda ölkəni çiyinlərində bugünkü dönəmə gətirib çıxardı. Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev tək dövlət rəhbəri kimi deyil, həm də YAP sədri kimi hər zaman inkişafı hədəf olaraq seçdi. Bu baxımdan dövlət idarəçiiyi ilə paralel olaraq hakim partiya kimi, YAP-da da islahatların aparılması hər zaman diqqət mərkəzində saxlanıldı.
Partiyadaxili sistem islahatlarının yekunu olaraq iki il öncə– 2021-ci il martın 5-də keçirilmiş VII qurultayda YAP-ın yeni Nizamnaməsinin təsdiq olunması, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasında həm kəmiyyət, həm də keyfiyyət dəyişiklikləri edilmişdir. Qurultaydan sonra aparılan islahatlar çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın partiya sədrinin birinci müavini təyin edilməsi təşkilatın idarəçiliyində xüsusilə yeni ab-hava yaratdı. Eyni zamanda, partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək yeni müavinlərin təyin edilməsi partiya idarəçiliyinin operativliyini şərtləndirdi.
Bundan başqa YAP sədri kimi İlham Əliyev partiyanın Mərkəzi Aparatının strukturunun, təşkilat işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında sərəncamlar imzalamaqla islahatların real nəticələrinin olması üçün ciddi tədbirlər gördü.
YAP-ın VII Qurultayı respublikanın siyasi sistemində digər mühüm yeniliklərlə də yadda qaldı. Belə ki, ölkə rəhbərinin apardığı siyasətin mühüm hissəsi olan milli birlik və siyasi həmrəylik mühiti hakim partiyanın timsalında gerçək təsdiqini tapdı. Siyasi münasibətlərin subyektləri arasında sağlam dialoqun formalaşdırılmasının bir örnəyi olaraq qurultay ərəfəsində ölkədə fəaliyyət göstərən 6 siyasi partiyanın YAP qoşulması barədə müraciəti həm respublikanın siyasi münasibətlər sistemində, həm də partiyalararası münasibətdə yeni hadisə idi. Bu fakt, həmçinin YAP-ın ölkənin idarəçiliyində və inkişafa doğru aparılan kursunda alternativsiz güc olduğunu bir daha təsdiqlədi.
YAP-ın yaranması, dünəni, bu günü xalqımız üçün belə demək mümkünsə, böyük hədiyyədir. Dövlətçiliyimizin qorunmasına, varlığına nəfəs verən Cənubi Qafqazın ən böyük təsisatı olan adıçəkilən partiya sabit ideoloji məktəbdir.
Təməli unudulmaz dahi liderimiz Heydər Əliyev tərəfindən qoyulan YAP-ı heç bir siyasi qüvvə önləyə bilməz. Bir qərinədə bir əsrlik siyasi güc nümayiş etdirən nüfuzlu təşkilat – YAP sıralarında olmaq özü bir xoşbəxtlikdir. Xoşbəxt Azərbaycan naminə YAP hər zaman, həmişəki kimi öndə olacaq. Vətənə, xalqa xidmət partiyamızın tarixi missiyasıdır.
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü