
Uca Yaradanla yaradılan arasında mənəvi bağlılığın olması, Allah qarşısında hər kəsin bərabərliyi baxımından Ramazan ayı xüsusi əhəmiyyətə malikdir. İslam dünyasında on bir ayın sultanı kimi tanınan bu ayın gəlişi müsəlmanlar tərəfindən xüsusi sevinc və həyəcanla qarşılanır. Hələ qədim ərəb adətlərinə görə, bütün narazılıqların, gərginliklərin unudulduğu və müharibələrin dayandırıldığı aylardan biri də Ramazan idi. Bu ayın gəlişi ilə hər tərəfi sevinc bürüyərdi. İslam aləmində önəmli yerə malik, hər müsəlmanın intizarla gözlədiyi Ramazan ayı həm insanın iradəsi, dözümü, həm də mənəvi paklanması, ruhi yüksəlişi baxımından xüsusi əhəmiyyət daşıyır. Məhz bu ayda müsəlman günün işıqlı hissəsini oruc tutmaqla qidalanmadan, su içmədən Allah rizasını qazanmaq üçün öz bəndəliyini nümayiş etdirir.
Nəfs, ağıl və ruhdan ibarət varlıq – insan Allahın razılığını qazanmaq, mütləq həqiqəti mənəvi dərk etmək naminə Ramazan ibadətini yerinə yetirir, sahurdan ta iftaradək nəfsin ehtiyaclarından imtina edib mənəvi dünyasına qapanaraq ruhən qidalanır.
Bu müqəddəs ayda həm də insanlığa, bütün bəşəriyyətə hidayət çırağı kimi göndərilmiş Qurani-Kərim nazil olmuşdur. Sonuncu səmavi dinin hökmlərini özündə ehtiva edən Allah kəlamının Ramazan ayında nazil olması bu ayın ehtiramını daha da artırır.
Allahın bəxş etdiyi nemətlərdən şüurlu şəkildə və könüllü imtina edən insan oğlunun öz Xaliqinə sözsüz itaəti, Yaradanın qarşısında əyildikcə mənən yüksəlişi onun Allah dərgahına yaxınlaşmasını təmin edir. Beləliklə sədaqət, dözümlülük, dürüstlük insan xarakterində özünə yer edərək sabit formaya keçir. Dürüst insan isə Allahın sevimli bəndəsi olmaqla yanaşı, həm də cəmiyyətin sevilən, etibarlı üzvü kimi qəbul edilir. Çünki nəfsinə üstün gəlməyi bacaran insan öz dəyərlərinə sadiq vətəndaş olaraq Vətənini qorumağı, ona uzanan əlləri kəsməyi bacarar, bir sözlə milli maraqlarımıza, dövlətçiliyimizə təhlükə törədən istənilən güc üzərində qələbə çala bilər. Bütün bunlar Ramazanın mənəvi tərəfini əks etdirir.
Bundan əlavə Ramazan ibadətinin sosial tərəfləri də var. Belə ki, cəmiyyətdaxili münasibətlərin möhkəmlənməsi və insanlar arasında dostluq, qardaşlıq bağları Ramazan ayında daha da qüvvətlənir, hətta başqa toplumlara nümunə ola biləcək səviyyədə hiss olunur.
“Toxun acdan xəbəri olmaz” deyib atalar. Bu ifadənin özündə məntiqlə səsləşən bir gerçəklik vardır. İnsan ağıl, ruh və nəfsdən hansının ehtiyaclarını daha çox ödəsə, güc də təbii ki, qidası güclü tərəfdə olacaq. Nəfsin ruh və ağıldan güclü olması isə insanı mənəviyyat aləmindən uzaqlaşdıraraq nəfsin istədiyi arzuolunmaz məcraya sürükləyir. Yəni insan fani olandan – nəfsdən ötrü əbədini – mənəviyyatı əldən vermiş olur.
Lakin Allahın bəxş etdiyi nemətlərdən könüllü imtina edərək nəfsinin istəklərini arxa plana keçirən adəm oğlu əvəzində mənəviyyat aləminin ehtiyaclarını qarşılayar. Bəlkə də ilin digər vaxtları yaxınları, qohum-əqrəbası və qonum-qonşusu barədə düşünmək, onların qayğıları, ehtiyacları ilə maraqlanmaq ağlına gəlməyən şəxs məhz Ramazan ibadətlərini yerinə yetirərkən, oruclu halda başqalarını düşünür, ehtiyaclı insanlara öz köməkliyini göstərməklə insanlıq borcunu yerinə yetirmiş olur. Beləliklə, cəmiyyətdə qarşılıqlı yardımlaşmadan, ehtiramdan qaynaqlanan humanist bir əhval-ruhiyyə hakim kəsilir. Belə şəraitdə isə insan eqoist təfəkkürdən uzaqlaşaraq qayğıkeş şəxsə çevrilir ki, bu da cəmiyyətdaxili sosial problemlərin məhz kənar müdaxilə olmadan toplumun öz-özünü tənzimləməsi hesabına həllini tapmasına səbəb olur.
Bir-birinə qayğı göstərən, başqasının problemlərinə həssas yanaşan şəxs həm ailəsi, həm mənsub olduğu cəmiyyət üçün nümunəvi insan, dövləti üçün isə layiqli vətandaş kimi qəbul edilir, desək, yanılmarıq.
Rəbbimiz bu mübarək Ramazan ayının bütün fəzilətlərindən, nemətlərindən və gözəlliklərindən hər birimizə nəsib etsin, inşallah!
Ramil Nəzərli