Modern.az

Qadın örtünməsinin tarixi və Qurani əsasları

Qadın örtünməsinin tarixi və Qurani əsasları

Aktual

Bu gün, 11:45

Şərqdə  İslamiyyətdən əvvəlki dövrdən başlayaraq, baş örtüyü qadınlar üçün geyim qaydalarından biri olmuşdur. Yazılı mənbələrdən məlum olur ki, örpək Mesopotamiyada əlavə geyim elementi kimi mövcud imiş.  Örpək sonralar Assuriyada xüsusi status qazanmış və ictimai qanunlara daxil edilmiş, tədricən yuxarı təbəqələrə və saray əyanlarına mənsub qadınların statusunun simvoluna çevrilmişdi. O dövrün qanunu kəndli qadınların, kənizlərin, cariyələrin və yüngül əxlaq sahiblərinin örtünməsini qadağan edir, bu qaydanı pozanlar isə cəzalandırırdı.

Eramızdan əvvəl 612-ci ildə Nineviyanın, 539-cu ildə isə Babilin fəthindən sonra, hakim elita Mesopotamiyanın həmin adət-ənənələrini qəbul etmişdi. Yalnız varlılara xas hərəkət olan örtünmək  tədricən bütün cəmiyyətə yayılmış və abır-həya  meyarına çevrilmişdi.

Bəzi müfəssirlərin mülahizəsinə görə, örtünmə  ayəsi  ümumilikdə bütün qadınlara deyil, yalnız Məhəmməd Peyğəmbər əleyhissəlamın  həyat yoldaşlarına aiddir. İslam Peyğəmbərinin nüfuzu artdıqca, onu ziyarət edənlərin sayı da çoxalırdı. Peyğəmbər Mədinədə, Məscidün-Nəbəvinin yaxınlığındakı evində çoxsaylı ziyarətçilər qəbul edirdi. Ziyarətçilər çox vaxt gecəni onun evinin cəmi bir neçə metr uzaqlığında  keçirirdilər. Ona görə də təfsirçilərin bir qismi ehtimal edir ki, örtünmə ayəsi  Peyğəmbərin  həyat yoldaşlarını bu yad adamlardan qorumaq məqsədi ilə nazil edilmişdir.  İslam Peyğəmbərinin sağlığında Mədinə camaatının danışığındakı  “daribətu’l-hicab ( داربة الحجاب ) ifadəsi “ örtünən qadın” deyimi “Peyğəmbərin  həyat yoldaşı” anlamında işlədilirdi.  Belə fərziyyə də var ki, örpək bağlamaq adəti ərəblərə  Bizans və Sasani imperiyalarının elita təbəqələrindən keçmişdir. Zira, ərəblərin bu imperiyaları fəth etdiyi dövrdə örpək  hörmət və yüksək sosial statusun simvolu idi. İslamiyyətin ilk dönəmlərində hicab məcburi deyildi və Peyğəmbərin dünyasını dəyişməsindən  sonrakı bir neçə nəsil ərzində də geniş yayılmamışdı.

Zaman keçdikcə örpək  ərəb qadınlarının yuxarı təbəqələri arasında yayıldı və nəhayət, bütün Yaxın və Orta Şərqdə  müsəlman qadınların geyim atributuna çevrildi.  Xüsusilə Osmanlı xanədanlığı  dövründə müsəlman  qadınların örtünməsi sosial mövqe və özünəməxsus həyat tərzinin göstəricisinə çevrildi, coğrafi və peşə mənsubiyyətlərini əks etdirən müxtəlif geyim üslubları yarandı. Kənd yerlərində yaşayan qadınlar isə hicabdan istifadə etməyə daha gec başlamışdılar, çünki bu cür geyim onların tarlalardakı işlərinə mane olurdu. Misirdə aristokrat təbəqəyə  mənsub həm müsəlman, həm də xristian qadınlar örpək və burqu ( برقع) adlanan  (burnun aşağı hissəsini və ağzı örtən parça) aksesuardan yararlanırdılar.  Bu geyimin adı olan “hərabə”, erkən xristianlıq və yəhudiliyə aid dini terminologiyadan götürülmüşdür və bu, geyimin mənşəyinə işarə edə bilər. XX əsrin birinci yarısına qədər Məğrib və Misirin kənd yerlərində yaşayan qadınlar da  şəhərə, bazara  gedərkən  niqab taxırdılar və niqab, mədəniliyin göstəricisi sayılırdı.

Qurani-Kərimdə geyim qaydaları ilə bağlı ayələrdə “ximar” və “cilbab” termini işlədilmişdir. Qadının ictimai yerlərdə necə geyinməsi və davranması Nur surəsində (30, 31, 60-ci ayələr ) və Əhzab surəsində (32, 33, 53, 59-cu ayələr ) xüsusi olaraq qeyd olunur. Müsəlman alimləri bu ayələrin necə tətbiq edilməli olduğu barədə müxtəlif fikirlər irəli sürmüşlər. Bəziləri baş örtüyünün vacib olduğunu, digərləri isə vacib olmadığını bildirmişlər.

Geyimdə həya və təvazökarlığın vacibliyi ilə bağlı ən tutarlı istinad  Nur surəsinin 30–31-ci ayələridir. Bu ayələr kişilərə namuslu davranmağı və qadınlara təvazökar geyinməyi və iffətli olmağı əmr edir. Qadınların təvazökar geyimi ilə bağlı isə daha ətraflı göstərişlər verilir:

“Mömin kişilərə… və mömin qadınlara de ki, gözlərini aşağı diksinlər,  iffətlərini qorusunlar və….zinətlərini açıb göstərməsinlər. … قُلْ لِلْمُؤْمِن۪ينَ يَغُضُّوا مِنْ اَبْصَارِهِمْ... وَقُلْ لِلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ اَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ  وَلَا يُبْد۪ينَ ز۪ينَتَهُنَّ …”

Nur surəsinin 31-ci ayəsində işlənmiş “xumur” sözü  “örtük” anlamı bildirən “ximar” sözünün cəm şəklidir. Ərəbistanda bu cür örtüklər islamiyyətdən əvvəl də  günəşdən və səhranın təsirindən qorunmaq üçün istifadə olunurdu. Qurani-Kərimin Əhzab surəsinin 59-cu ayəsində Peyğəmbərə öz ailə üzvlərindən və digər müsəlman qadınlardan evdən çıxarkən üst geyimlərini geyinmələrini istəməsi bildirilir ki, onlar narahat edilməsinlər:

“Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və mömin qadınlara de ki, üst örtüklərini bədənlərinə çəksinlər- يَٓا اَيُّهَا النَّبِيُّ قُلْ لِاَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَٓاءِ الْمُؤْمِن۪ينَ يُدْن۪ينَ عَلَيْهِنَّ مِنْ جَلَاب۪يبِهِنَّۜ”

Bu ayədəki “cəlabib- جلابیب” ( جلباب – “cilbab” sözünün cəmi ) ifadəsini dilçilər müxtəlif şəkildə açıqlamışlardır. Məsələn, “Sihah əl-luğə” (صحاح اللغة ) əsərində onun “örtük, çarşaf” olduğu qeyd edilir. İbn Əsir “Ən-Nihayə” (النهایة ) əsərində onu “çadırvari örtük və rida” (üst geyimi) kimi izah etmişdir. Firuzabadi isə “Qamus” ( القاموس ) əsərində belə yazmışdır: “Cilbab, qadının paltarlarını üstdən örtən köynək və geniş geyimdir.” Ayənin zahiri mənası göstərir ki, burada “cilbab” sözü ilə “Qamus”da verilən məna nəzərdə tutulur.

İslam təfsirçiləri ümumiyyətlə bu ayənin Mədinə qadınlarının təcavüzə məruz qalmalarına və narahat edilmələrinə işarə etdiyi barədə həmfikirdirlər. Həmçinin burada azad qadına işarə edildiyi də qeyd olunur; Təbəri bu barədə İbn Abbasdan rəvayət nəql edir.  İbn Kəsir bildirir ki, cilbab azad müsəlman qadınları cahiliyyə dövrünün qadınlarından fərqləndirirdi. Beləliklə, digər kişilər onların azad qadın olduqlarını, kölə və ya pozğun olmadıqlarını bilirdilər. Bu isə göstərir ki, örtünmə hökmü qeyri-müsəlman qadınlara şamil edilmirmiş. Qurtubi də Təbəri ilə razılaşaraq bildirir ki, bu ayə azad qadınlara aiddir. O, cilbabın bütün bədəni örtdüyü qənaətində olduğunu qeyd edir. Həmçinin, cilbabın bundan artıq bir şey olmadığını, sadəcə ridaya (bədənin üst hissəsini örtən şal və ya örtük) bənzədiyini söylədiyini nəql edir. O qeyd edir ki, niqab və ya baş örtüyü cilbab hesab olunur. İbn Ərəbi hesab etmişdir ki, həddindən artıq örtünmək ayədə qeyd olunan qadının tanınmasını mümkünsüz edər. Bununla belə, Qurtubi və Təbəri hər ikisi razıdır ki, ayədəki “tanınmaları” ifadəsi qadınların azad qadın kimi tanınmasına aiddir.

Bəzi müfəssirlər, məsələn, İbn Həyyan, İbn Həzm və Muhəmməd Nəsirəddin əl-Albani  həmin ayənin geniş yayılmış izahını şübhə altına almışlar. İbn Həyyan hesab edirdi ki, “mömin qadınlar” ifadəsi həm azad qadınlara, həm də cariyələrə aiddir.  İbn Həzm də hesab edirdi ki, hökm müsəlman cariyələrə də şamil olunur, çünki azad qadında olduğu kimi, cariyəyə əziyyət vermək və ya onunla zina etmək də qadağandır. “Hicab”- حجاب - sözünün ərəb dilindəki mənası örtmək, mane olmaq və qarşısını almaq anlayışları ətrafında formalaşır. Ərəbcədə “həcəbə” (حَجَبَ) “bir şeyi örtmək, gizlətmək, sədd çəkmək” deməkdir. (Məsələn, امرأة مُحَجَّبَة  -  imrə’tun  muhəccəbətun- “örtülü qadın” deməkdir.)  Dil baxımından “həcəbə- حجب - örtmək, gizlətmək, qorumaq və mane olmaq mənalarını daşıyır. “Hacib” (حاجب) sözü “qoruyan,  mühafizə edən, keşikçi və ya qapıçı” mənasında işlənir. Eyni zamanda, gözün üstündəki qaş da “hacib” adlandırılır, çünki o, tərin gözə düşməsinin qarşısını alır. Bu gün biz  “hicab”ı  yanlışlıqla yalnız “baş örtüyü” mənasında işlədirik. Halbuki fiqh və terminoloji baxımdan hicab başqa anlam daşıyır. Ximar sözü isə bu gün  “üz örtüyü” mənasında işlədilsə də, fiqhdə ximar baş örtüyü deməkdir. Qurani- kərimdə işlənmiş “hicab” sözünün birbaşa lüğəvi mənası “baş örtüyü” deyil. Lakin bu durum  “Quranda qadınların örtünməsi yoxdur” fikrinə gəlməyə əsas vermir. Sadəcə “hicab” sözünün Qurandakı işlənməsi ilə sonrakı İslam terminologiyasındakı “hicab” anlayışını bir-birindən ayırmaq lazımdır. Qurani- kərimdə 7 dəfə qeyd olunmuş  “hicab” sözü qadın geyimi mənasında işlədilmir; daha çox məkanlar arasında arakəsmə və ya pərdə mənasını ifadə edir. Məsələn, Əhzab surəsinin 53-cü ayəsindəki “hicab” sözü İslam Peyğəmbərinin  həyat yoldaşlarını onun evinə gələn ziyarətçilərdən ayıran pərdə mənasındadır: “Peyğəmbərin zövcələrindən bir şey istədiyiniz zaman, pərdə arxasından istəyin -  وَإِذَا سَأَلْتُمُوهُنَّ مَتَاعًا فَاسْأَلُوهُنَّ مِنْ وَرَاءِ حِجَابٍ – və iza səəltumuhunnə mətaən fəs'əluhunnə min vərai hicab…”

Məryəm surəsinin 17-ci ayəsində də “hicab” sözü “pərdə” anlamı bildirir: “O, (Həzrət Məryəm ) özünü onlardan  pərdələdi-  فَاتَّخَذَتْ مِنْ  دُونِهِمْ حِجَاباً.”

Şura surəsinin 51-ci ayəsində hicab sözü ALLAH ilə insanlar arasında arakəsmə, Əraf surəsinin 46-cı ayəsində Cənnət əhli ilə Cəhənnəm əhli arasındakı sədd,  Fussilət surəsinin 5-ci ayəsində maneə, İsra surəsinin 45-ci ayəsində  Quran oxunduğu zaman Peyğəmbər  ilə kafirlər arasında yaranan örtük, Sad surəsinin 32-ci ayəsində isə hicab sözü “gözdən itmək, yox olmaq” anlamındadır. Həmin ayədə Sülüyman Peyğəmbərin döyüş atlarına  onlar qaçıb gözdən yox olana qədər baxdığı bildirilir:  حَتّٰى تَوَارَتْ بِالْحِجَابِ۠ -  - hətta təvarət bil-hicab.

Qurani- kərimdə qadın geyimi və örtünməsi ilə əlaqəli işlənən sözləri ərəb dilindəki kökləri, surələrdə keçdiyi yerlər və klassik mənaları baxımından ayırmaq vacibdir. Həmçinin qadın geyim aksesuarları olan  “cilbab, hicab, niqab, rida” sözlərinin hamısı eyni statusda deyil.

 Cilbab — جِلْبَاب – sözü Quranda bir dəfə, Əhzab  surəsinin 59-cu ayəsində işlənmişdir:

يُدْنِينَ عَلَيْهِنَّ مِنْ جَلَابِيبِهِنَّ -“Cilbablarını üstlərinə salsınlar...”

Cilbab (جلباب) klassik ərəb dilində “qadının paltarın üstündən geyindiyi üst geyim, bədəni örtən örtük, örpək” mənasında işlənir. Lüğətlərdə onun ölçüsü barədə müxtəlif izahlar var: bəziləri cilbabı “bədəni başdan ayağa qədər örtən geniş örtük”, bəziləri isə “geniş xarici geyim” kimi izah edir. Başqa sözlə, cilbab, bədən cizgilərinin görünməsinin qarşısını alan üst geyimidir, əbadır. Əhzab surəsinin 59-cu  ayəsində “cilbab”ın konkret  geyim formasının şəkli təsvir edilmir.

Niqab — نِقَاب - sözü Quranda yoxdur. Niqab ərəb dilində qadının üzünü örtməsi üçün istifadə edilən örtük mənasında işlənən sözdür. Klassik İslam hüququnda və hədis ədəbiyyatında işlənir, amma Quranda “niqab taxın” şəklində bir əmr yoxdur. Üzün örtülməsi məsələsi ayrıca fiqh və təfsir müzakirəsidir.  “Quran niqabı əmr edir” şəklində fikir söyləmək   düzgün olmaz.

Rida” (رداء) sözü də Quranda qadın örtünməsi ilə bağlı termin kimi keçmir. Ərəb dilində “üst geyim, çiyinə atılan örtük,  paltar” mənalarında işlənir. Bu sözə daha çox klassik ərəb dili, hədis və fiqh mətnlərində rast gəlinir. Qadının geyimi məsələsini araşdırarkən “hicab”dan daha çox “ximar” və “cilbab” sözlərinə diqqət etmək lazımdır. Nur surəsinin 31-ci ayəsində qadınlara “örpəklərini- xumurlarını- yaxalarının  üstünə örtsünlər - وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ” buyurulur. Ayədə örpək anlamında işlənmiş “xumur”  (خُمُر ) sözü “ximar” (خمار ) sözünün cəmidir.  Lüğəvi mənası “örtmək, qapamaq, sərmək”dir. Yeri gəlmişkən, ərəblər insanın ağlını aparan, onu bihuş edən içkiyə “xəmr” deyirlər.

Ayədəki cuyub ( جُيُوب) isə “cəyb” sözünün cəmidir, “paltarın yaxası, sinənin açıq hissəsi” mənasında işlənib. Bu ayə, xüsusilə “ximar  başda olan örtük idimi?” və “ayə baş örtüyünün özünü əmr edir, yoxsa mövcud örtüyün sinə üzərinə çəkilməsini əmr edir?” məsələləri ətrafında klassik və müasir təfsirlərdə geniş müzakirə olunub.

İslam dini müsəlman qadınlara  Cahiliyyə dövründəki  müşrik qadınların etdikləri bəzi davranışlardan, adət- ənənələrdən uzaqlaşmağı tövsiyə edir, o hərəkətləri haram sayır. Belə hərəkətlərdən ən yayğını  təbərrüc və səfur olmuşdur.

Təbərrüc ( تَبَرُّج )  gizlədilməsi vacib olan şeylərin  nümayiş etdirməsidir. Şəri açıqlamaya görə, qadının həya və ədəb çərçivəsindən çıxaraq öz cazibədar və diqqətçəkən cəhətlərini ona məhrəm olmayan, yad kişilərin qarşısında nümayiş etdirməsi  təbərrücdür. Təbərrüc hadisəsi səfura ( سفور ) nisbətən daha geniş anlayışdır. Səfur üz örtüyünün (niqabın) açılması və ya hicabın çıxarılması ilə məhdudlaşır. Təbərrüc isə qadının bədəninin hər hansı bir hissəsini və ya əldə etdiyi zinət əşyalarını yad kişilərin qarşısında açıb göstərməsidir. İslam hüququna görə, bu hal cəmiyyətdəki nizamın pozulması təzahürlərindən biridir. İslam dini müsəlman cəmiyyətini əxlaqsızlıqdan qorumaq və qadının özünü təhlükəsiz hiss edə biləcəyi mövqeyə sahib olması üçün bunu qadağan etmişdir.

Təbərrücün lüğəvi mənası: “görünmək, üzə çıxmaq və yüksəlmək”dir. Məsələn, “bürc” sözü görünən və uca olan hər şey üçün işlədilir. Bu səbəbdən hündürlüyü və uzaqdan görünməsi ilə seçildiyi üçün qülləyə “bürc” deyilir. Ərəbcədə yelkənli gəmiyə  yelkəninin uzaqdan nəzərə çarpması səbəbilə “baricə” deyilir. “Təbərrüc” sözü qadın haqqında işlədildikdə üç məna daşıyır: 1. Yad kişilərə üzünün gözəlliyini və bədəninin cazibədar cəhətlərini göstərməsi. 2. Geyiminin və zinət əşyalarının gözəlliyini onlara nümayiş etdirməsi. 3. Yerişi, naz-qəmzəsi, əzilib-büzülməsi, qürurlu və nazlı yerişi ilə özünü onlara nümayiş etdirməsi.

Təbərrüc sözü  Qurani-kərimdə iki yerdə qeyd olunmuşdur: “Nur” surəsinin 60-cı və Əhzab surəsinin 33-cü ayəsində. Məsələn, Əhzab surəsinin 33-cü ayəsində buyurulur ki, “ilk cahiliyyə dövründəki kimi özünüzü nümayiş etdirməyin  - لَا تَبَرَّجْنَ تَبَرُّجَ الْجَاهِلِيَّةِ الْاُو۫لٰى .“ Orta çağın tanınmış  ərəb dilçiləri Əbu Ubeydə, Mücahid, Qətadə və İbn Əbu Nəcih  təbərrücü “qadının qarşı cinsdə ehtiras yaratmaq məqsədi ilə  naz-qəmzə ilə, əzilib-büzülərək və özünü bəyənmiş şəkildə yeriməsi” şəklində izah etmişlər.

İslam dini təbərrücün və zinətin nümayiş etdirilməsinin müsəlman cəmiyyətində iffəti qorumağa çağıran müqəddəs şəriətə zidd olan böyük günahlardan biri olduğunu vurğulamışdır. Qadınların təbərrüc etməsi qədim cahiliyyə dövründən mövcud olan bir bəladır. Tarixin keçmiş dövrlərində bu hal bəzi xalqların həlakına səbəb olmuş, onları yüksək məqsədlərdən yayındırmış, şəhvətlərin ardınca getməyə və ləzzətlərə qərq olmağa sövq etmiş, namus və heysiyyəti zədələmiş, cəmiyyətləri parçalamışdır.

Şəriətin yasaqladığı davranışladan biri də səfurdur. Səfur ( سفور ) — qadının niqabını və ya hicabını çıxarıb üzünü kişilərə göstərməsidir. Səfūr sözü həmçinin qadının naməhrəm kişilərin qarşısında açıq-saçıq şəkildə zinətini nümayiş etdirməsi, gözəlliklərini və bədəninin örtməsi vacib olan hissələrini göstərməsi mənasında da işlədilir.

Dil baxımından səfur sözü “açmaq, üzə çıxarmaq və aşkar olmaq” mənalarını ifadə edir. Məsələn, ərəblər “səfərət əl-mər’ətu” — “qadın üzünü açdı” deyirlər. Yeri gəlmişkən, “səfər” sözü  də bu kökdən gəlir, çünki səfər insanların həm də əxlaq və xasiyyətlərini üzə çıxarır. İslamda qadının naməhrəm kişinin qarşısında bütün bədənini, o cümlədən üzünü və əllərini örtməsinin vacib olduğu bildirilir. Qurani-Kərim və Peyğəmbərin sünnəsindən gətirilən dəlillərə əsasən, bu hərəkətlər caiz deyildir. İslam hüququ təbərrücün və səfurun tətbiqinin vacibliyini əxlaqsızlığın və zinanın yayılmaması, həyanın itməməsi, qadının ticarət, kosmetika və digər sahələrdə reklam və ya əyləncə vasitəsi kimi istifadə edilərək kommersiya predmetinə çevrilməməsi, kişilərin, xüsusilə gənclərin və yeniyetmələrin fitnəyə düşməməsi və  şəhvət qurbanı olmamaları ilə əsaslandırır.

Məlum həqiqətdir ki, öz-özlüyündə heç bir geyim şəkli xəbis düşüncəli insanları yanlış yoldan çəkindirə bilməz. Ağıl, əxlaq və məntiq yoxsulunun qarşısında niqab, hicab, çadra, rübənd, təsəttür, yaşmaq, bürüncə, kalağayı, yaylıq, ləçək və örpək də acizdir. Onları dəmir skafandra salsalar da öz çirkin əməllərindən əl çəkməzlər. Mənəvi aşınmadan qorunmaq üçün cəmiyyətin bütün fərdlərini  erkən yaşdan düzgün tərbiyələndirmək, onlara faydalı bilik vermək, məntiqli düşünmək qabiliyyəti aşılamaq, doğru seçim etmək bacarığı  öyrətmək lazımdır. Namus, iffət məsələsi kişilərə də, qadınlara da eyni dərəcədə aiddir. İctimai həyatda forma və məzmun vəhdəti gözlənilməlidir.

İnsanları doğru yola yasaqlarla deyil, düzgün əməllərlə inandırıb yönləndirmək olar. Yasaq və qadağalar psixoloji olaraq  bəzilərini yasaq olunanı əldə etməyə təhrik edir, əks nəticə verir. Ona görə də Bəqərə surəsinin 256-cı ayəsində “Dində məcburiyyət yoxdur- لَٓا اِكْرَاهَ فِي الدّ۪ينِ” - buyurulmuşdur. Deyilən sözlərlə görülən işlər uyğun gələndə ancaq uğurlu sonuclar qazanılır. Əks təqdirdə, öz gözlərində tiri görməyib özgə gözlərində tük axtaranların söylədiklərinin heç bir kəsəri olmaz. Xirtdəyinə qədər mənəvi çirkab içində olanların orada-burada— sosial paylaşım şəbəkələrində, işdə, yolda, toyda- bayramda, məclislərdə - əxlaqi dəyərlərdən dəm vurması, qız-gəlinlərə, ana-bacılara moizələr oxuması, gənclərə mənəvi keyfiyyətdən danışması, cəmiyyətə islami ehkamlar xırıd etməsi  gülünclükdür.  Bizcə, insanın ən etibarlı hicabı onun vicdanı, əxlaqı, tərbiyəsi və şərəfidir.  ALLAH alınlarının təri, əllərinin halal əməyi, təmiz vicdanı, özgür düşüncəsi, sağlam nəzərləri, pak ruhu ilə şərəflə ömür sürüb  yaşayanları, hər şəraitdə öz mənəviyyatını qoruyub sabaha ümid dolu gözlərlə baxanlara yar və yardımçı olsun. Amin.


Ramazan SİRACOĞLU

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıya hücumlar artır - Türkiyə nəyi gözləyir?