Ermənistanda saxlanılan Azərbaycan hərbçisi Nəsimi Musayev bir müddət bu ölkədə qalacaq.
Modern.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Infocom” nəşrinin “Ctrl Z” proqramına müsahibəsində deyib.
“Bizim cinayət işi üzrə prosedurlar həyata keçiriləcək. Ən azı müəyyən müddət ərzində o, Ermənistanda qalacaq. İstintaq gedir, hazırda həbsdədir”, - Paşinyan bildirib.
Ermənistanın Baş naziri Şaki kəndinin sakinlərinin əvvəlcədən xəbərdar edilməməsinə də münasibət bildirib. Onun sözlərinə görə, həmin vaxt Azərbaycan hərbçisinin Ermənistan ərazisinə keçdiyini təsdiqləyən sübut olmayıb.
Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Laçın istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Nəsimi Rasim oğlu Musayev sentyabrın 26-da xidmət yerində olmayıb və onun axtarışına başlanılıb. Sonradan hərbçinin Ermənistan ərazisində olduğu və bu ölkənin aidiyyəti qurumları tərəfindən saxlanıldığı müəyyən edilib. Azərbaycan tərəfi hadisənin hallarının aydınlaşdırılması üçün Ermənistanın müvafiq qurumları ilə təmasların davam etdiyini açıqlayıb.
Ermənistan məhkəməsi Musayev barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.