Milli Məclisdə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxslərin müdafiəsi və maddi həvəsləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi müzakirəyə çıxarılıb
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin bu gün keçirilən birgə iclasında komitə sədri Arzu Nağıyev deyib.
O bildirib ki, “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanun layihəsi 5 fəsil və 19 maddədən ibarətdir.
Arzu Nağıyevin sözlərinə görə, layihənin əsas məqsədi təşkilatlarda şəffaflığın artırılması, korrupsiya hallarının aşkar edilməsi və qarşısının alınması, həmçinin korrupsiyaya qarşı dözümsüzlük mühitinin formalaşdırılmasıdır.
Layihəyə əsasən, korrupsiya ilə bağlı daxil olan məlumat dərhal qeydiyyata alınmalı və, bir qayda olaraq, 20 iş günü ərzində araşdırılmalıdır. Əlavə materialların toplanmasına ehtiyac yarandıqda bu müddət daha 10 iş günü uzadıla bilər.
Araşdırmanın nəticələrinə uyğun olaraq mülki-hüquqi, inzibati və intizam tədbirləri görülə, cinayət əlamətləri aşkarlandıqda isə materiallar aidiyyəti üzrə göndərilə bilər.
Yeni qanun layihəsində korrupsiya barədə məlumat verən şəxslərin müdafiəsi üçün ayrıca təminatlar da nəzərdə tutulur.
Belə şəxslərin məlumatlarının konfidensial saxlanılması, onların və yaxınlarının təhlükəsizliyinin təmin edilməsi, dövlət hesabına peşəkar hüquqi yardım alması, məhkəmə xərclərindən azad olunması, dəymiş maddi və mənəvi zərərin kompensasiyasını tələb etməsi nəzərdə tutulur.
Məlumat verən şəxsə və onun yaxınlarına hədə-qorxu, təzyiq, təhdid, təhqir və digər qanunsuz təsirlərin göstərilməsi də qadağan ediləcək.
Eyni zamanda, korrupsiya faktı barədə məlumat verdiyinə görə həmin şəxsin işdən çıxarılması, vəzifəsinin və ya iş yerinin dəyişdirilməsi, intizam tənbehinə məruz qalması, əməkhaqqından qanunsuz tutulmalar edilməsi və digər qisas xarakterli tədbirlərin görülməsinə yol verilməyəcək.
Arzu Nağıyev bildirib ki, layihədə məlumat verən şəxslərin maddi həvəsləndirilməsi də nəzərdə tutulur.
Belə ki, verilmiş məlumat təsdiqini tapdıqda təşkilat rəhbərinin qərarı ilə həmin şəxsə təşkilatın büdcəsi hesabına mükafat verilə bilər. Mükafatın məbləği minimum əməkhaqqının 25 mislindən çox ola bilməz.
Mükafat müəyyən edilərkən hüquqpozmanın xarakteri, aşkar edilən faktların sayı, məlumatın əhəmiyyəti, vurulmuş zərərin və bərpa edilmiş aktivlərin məbləği nəzərə alınacaq.
Bundan başqa, cinayət təqibi nəticəsində xüsusi müsadirə edilən əmlak və ya pul vəsaiti, eləcə də dövlət büdcəsinə ödənilən və ya dövlətə ödənilməsi təmin olunan maddi ziyanın 5 faizi həcmində vəsaitin məlumat verən şəxsə ödənilməsi də nəzərdə tutulur.
Layihədə korrupsiya ilə bağlı məlumat verdiyinə görə şəxsin və ya onun yaxınlarının həlak olması, yaxud xəsarət alması hallarında birdəfəlik müavinətlərin ödənilməsi və əmlaka dəymiş zərərin kompensasiya edilməsi də əksini tapıb.
Qanunun icrasına nəzarət, statistikanın aparılması, müvafiq təklif və tövsiyələrin hazırlanması Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın səlahiyyətlərinə aid ediləcək.