Yeni tədris dövrünün başlamasına bir neçə həftə qalıb, artıq Bakı şəhərində ictimai nəqliyyatda sıxlıq artıb və daha çox küçədə tıxac müşahidə olunur. Ancaq tıxacları azaltmaq üçün hələlik tədbirlər görülməyib.
Qeyd edək ki, ötən ayın sonu Baş nazir Əli Əsədovun sədrliyi ilə Nəqliyyatı Əlaqələndirmə Şurasının iclası keçirilib. İclasda Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi və səmərəli işinin təşkil edilməsi ilə bağlı aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, müvafiq tapşırıqlar verilib.
Əlaqələndirmə Şurası aprel ayında yaradılıb. Şuranın məqsədi nəqliyyatın ayrı-ayrı növlərinin koordinasiyalı fəaliyyətinin və əhalinin mobilliyinin təmin edilməsi, yol və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol hərəkətinin təşkili, təhlükəsizliyi və tənzimlənməsi sahələrində fəaliyyətin əlaqələndirilməsi və təkmilləşdirilməsidir.
Maraqlıdır, növbəti tədris müddətinin başlaması ilə tıxaclar yenə də eyni vəziyyətdə olacaq? Məsələnin həlli üçün hansı addımlar atılmalıdır?
Modern.az-a danışan nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, senytabrda tıxacların əvvəlkindən daha gərgin hal alması gözləniləndir:
“Tıxaclar, adətən, sentyabr ayının birinci yarısında başlayır. Dərs başlayan günlər tıxaclar pik həddə çatır.Biraz keçdikdən sonra variantlar tapılır deyə yüngülvari səngimə olur. Səngimə olsa da, adətən ötənilkindən fərqli effektlər görürük. Açığı, keçən il oktyabr ayında Baş nazirin rəhbərliyi ilə Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının iclası keçirildi. Müəyyən qərarlar oldu. Həmin qərarlarla bağlı ictimaiyyətə məlumat verilib. Qərardan sonrakı müddətdə praktiki məsələlərdə köklü dəyişiklikləri görməmişik. Ola bilsin ki, nəsə var. Ancaq cəmiyyətin məlumatı yoxdur. Hər halda təcrübi keyfiyyət dəyişikliklərini müşahidə etmirik. Ona görə də, sentyabr ayında ola bilsin ki, keçən ilkindən daha gərgin vəziyyətlə üzləşəcəyik. Bunu mən real olaraq görürəm".

Ə.Hüseynov vurğulayıb ki, vəziyyəti yaxşılaşdırmağın yeganə yolu ictimai nəqliyyatın inkişaf etdirilməsidir:
"Bakı şəhərində ödənişli parklanma yerlərinin fəaliyyətə başlaması,yəqin ki, tıxacların parklanma ilə bağlı olan hissəsində müsbət dəyişikliklərə səbəb olacaq. Ancaq əsas məsələ ictimai nəqliyyatla bağlıdır. Bakı şəhərində ictimai nəqliyyata çox güclü dəstək verilməlidir. Avtobus marşurutların sayı çoxaldılmalı, şəbəkə genişləndirilməlidir. İnsan axınının, insanların mobilliyinin daha yüksək olduğu yerlərdə marşrutlara xüsusi diqqət yetirilməlidir. Hərəkət qrafiklərinə çox dəqiq yanaşılmalıdır. Buna görə komfortlu avtobusların sayı artırılmalıdır. Metropolitenin inkişafı ilə bağlı işlər genişləndirilməlidir. Çoxlu investisiya qoyulmalıdır ki, yeni stansiyalar açılsın, yeni qatarlar alınsın. Qrafiklərə dəqiq riayət edilsin. Şəhərətrafı qatarların işi yaxşılaşdırılmalıdır".
Ekspert vurğulayıb ki, problemin həlli ilə bağlı nəqliyyatdankənar məsələlər də var:
"Tədris ili başlayanda tıxac çoxalır. Çünki Bakı şəhəri və ətrafındakı məktəblərlə bağlı çox maraqlı problemlər var. Bu problemlər müxtəlif istiqamətlərdədir. Məsələn istiqamətlərdən biri yeni məskunlaşma ərazilərində ya məktəbin, ya da normal məktəbin olmaması ilə bağlıdır. Məktəb də varsa, gecəqondu tiplidir. Yaxud da məktəb orada yaşayan insanların övladlarının sayına uyğun deyil. Məsələn Xırdalan şəhərində belə bir mənzərə var. Eşitdiyimə görə Xırdalan şəhərinin bəzi məktəblərində növbəli dərs sistemi olub. İndi də var. Yeni məktəbə ehtiyac var. Bax bu istiqamətdə işlər görülməlidir. Yeri gəlmişkən Xırdalan rayonunda yeni məktəb tikilib. Ola bilsin ki, vəziyyət biraz yaxşılaşdıracaq. Bəzi məktəblər də var ki, onların tədris prosesi, kommunal şəraiti insanları qane etmir. Bəzən yalnış prestij söhbətləri olur. Deyirlər ki, filan yerdəki məktəb daha yaxşıdır. Bax, illuziya xarakteri daşıyan prestij söhbətləri varsa, onu aradan qaldırmaq lazımdı. Amma real pedoqoji fəaliyyətdə olan məktəblər var. Ona görə də, ətrafdakı məktəblərdə prdoqoji səviyyəni qaldırmaq lazımdır. Burada əsas hədəf ondan ibarət olmalıdır ki, insanlar maksimum şəkildə fərdi nəqliyyatdan az istifadə etsinlər, öz mobilliklərini ictimai nəqliyyatla həll etsinlər. Yaxud heç uzaq məsafələrə getməyə ehtiyac olmasın. İctimai nəqliyyatın vəziyyəti çox bərbaddır. İctimai nəqliyyata çox ciddi dövlət dəstəyi olmalıdır. Bu olmasa tıxacla bağlı heç bir məsələni həll etmək mümkün olmayacaq".

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakı şəhərindəki tıxacların obyektiv və subyektiv səbəblərinin olduğunu diqqətə çatdırıb:
"Subyektiv səbəbləri mərhələli şəkildə aradan qaldıra bilərik. Obyektiv səbəbləri aradan qaldırmaq çətindir. Çünki Bakı paytaxt şəhərdir. İri sənaye şəhəridir. Bununla yanaşı zəngin mədəniyyət həyatı var. Bütün irimiqyaslı tədbirlər Bakı şəhərində, xüsusilə də, mərkəzdə keçirilir. Belə olan halda biz tıxaclara tamamilə qalib gələ bilməyəcəyik. Subyektiv problemləri aradan qaldırmaq üçün parklanma yerlərinin təşkil edilməsi, yolların daraldılaraq butulka effektinin yaranmasının qarşısının alınmasına nail olmaq olar. Avtomobil axını, yol hərəkəti tənzimlənməlidir".
Ekspert vurğulayıb ki, yeni mövsümdə ənənəvi olaraq tıxaclar qalacaq:
"Düşünmürəm ki, belə qısa müddətdə biz tıxaclardan qurtulaq. İri alış-veriş mərkəzləri, universitetlər də Bakı şəhərdə mərkəzləşib. Bunlar obyektiv səbəblərdir. Bunları aradan qaldırmaq mümkün olmayacaq".