Modern.az

Partiyaların "yenidən doğuluşu": Siyasi qüvvələr yeni mərhələyə hazırlaşır

Partiyaların

Aktual

4 Sentyabr 2023, 15:48

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

 

Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib. Bir çox partiya üzvlük siyahılarındakı problemləri aradan qaldıraraq yenidən Ədliyyə Nazirliyinə müraciət edib. İndiyədək hakim Yeni Azərbaycan Partiyasından (YAP) başqa heç bir siyasi partiya qeydiyyata alınmamışdı.

 

Bu gün isə iki partiya - deputat Sabir Rüstəmxanlının rəhbərlik etdiyi Vətəndaş Həmrəyliyi Partiyası (VHP) və Tural Abbaslının rəhbərlik etdiyi AĞ Partiyası dövlət qeydiyyatına alınıb. Digər siyasi qüvvələrə hələlik cavab gəlməyib. 

 

Modern.az yeni qeydiyyata alınan partiyaların sədrləri ilə əlaqə saxlayıb və yeni mərhələdə fəaliyyətlərinin necə olacağı ilə maraqlanıb.

 

Sabir Rüstəmxanlı saytımıza açıqlamasında vurğulayıb ki, VHP-nin fəaliyyətinin növbəti mərhələsi başlayır:

 

“Partiyamıza Ədliyyə Nazirliyindən müsbət cavab verildi. İndi növbəti mərhələ başlayır. Partiyamızın nizamnaməsi və proqramı Ədliyyə Nazirliyinə təqdim ediləcək. Bu seçki qanunvericiliyinə uğun olaraq partiyalarla Ədliyyə Nazirliyinin işinin növbəti mərhələsidir. Qeydiyyat prosesindən öncə siyasi partiyaların iştirakı ilə xeyli müzakirələr aparıldı. O vaxt deyirdilər ki, bu siyasi partiyaların işini məhdudlaşdıracaq. Məncə, əksinə bu siyasi partiyaların işlərinin daha da asanlaşmasına xidmət edəcək. Bu qeydiyyat məsələsi siyasi partiyaları silkələdi. Onlara öz sıralarına baxmaq üçün imkan yaratdı. Kimin getdiyini, kimin qaldığını bildilər. Partiyalar öz gücünü öyrəndi. Tələblərə cavab verməyəcək partiyalar olacaq. Belə partiyaların quruca adının qalmasının nə mənası var?!".

 

Ağ Partiyasının sədri Tural Abbaslı isə söyləyib ki, partiyanın nizamnamə və proqramının dəyişdirilməsi ilə bağlı qurultay keçiriləcək:

 

“Yeni qanuna əsasən, 90 gün müddətinə partiya qurultay keçirib nizamnaməsini, proqramını yeni qanuna uyğunlaşdırmalıdır. Biz qurultay hazırılıqlarına başlayacağıq. Nizamnamə və proqram dəyişikliklərini müzakirə edəcəyik. Qeydiyyat prosesi zamanı bütün üzvlərimizlə əlaqə saxladıq. Bir-bir zəng etdik. Hardasa 10 min ümumi siyahı vermişdik. Onların çoxuna zəng etdik, ünsiyyət qurduq. Biz partiyanın strukturlarının möhkəmləndirilməsi, yerlərdəki strukturların təkmilləşdirilməsi istiqamətində addımlar atacağıq”.

 

T.Abbaslı seçkilərə hazırlaşdıqlarını və partiyanın əsas hədəfinin seçkilərdə qalib gəlmək olduğunu bildirib.

 

"Qarşıda parlament seçkiləri gözlənilir. İki istiqamətdə işləyəcəyik. İki istiqamətdə çalışacağıq: partiyanın daxili sturkturunun gücləndirilməsi və seçkilərə hazırlıq. Biz çalışacağıq ki, Ağ Partiyası Azərbaycnın yaxın 10 illiyində əsas siyasi aktyorlarından birinə çvrilsin”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?