“Şah Abbası taxtda görüb, Nadiri qundaqda” məsəli uzunömürlülər haqqında deyilib. Amma Azərbaycanda indi haqqında bu ifadəni deyə biləcəyimiz tək-tük adam qalıb. 100 yaşını keçmiş insanlar barmaqla sayılacaq qədərdir. Halbuki, vaxt vardı televiziyada, qəzetlərdə uzunömürlülər haqqında silsilə yazılar, reportajlar bir-birini əvəz edirdi.
Onları yada salmaq bir kənara dursun, heç siyahıları da aparılmır. Müvafiq dövlət qurumları Azərbaycanda nə qədər 100 yaşını keçmiş ahılın qaldığı barədə dəqiq məlumata malik deyil. Hər ağızdan bir avaz çıxdı.
Dövlət Statistika Komitəsindən Modern.az-ın 100 və 100 yaşı adlamış şəxslərlə bağlı sorğusuna quru bir cavab gəldi: “Tələb olunan statistik məlumatlar 2009-cu il əhalinin siyahıyaalınmasının yekunlarına əsasən əldə olunduğu və o dövrdən 3 ildən artıq vaxt keçdiyi üçün həmin məlumatlardan istifadə etmək məqsədəuyğun deyil”.
Daha sonra Komitədən 100 yaşlıların yeni siyahısını Dövlət Sosial Müdafiə Fondundan əldə etmək tövsiyə olundu. Tövsiyə edilən ünvanın – Fondun ictimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev bildirdi ki, ola bilsin yaşı 100-ü ötən vətəndaşlar arasında əmək pensiyası alanlar olmasın.
"Ona görə də mən sizə yalnız pensiya alanların siyahısını verə bilərəm. Əgər vətəndaş əmək müqaviləsi olmadan çalışırsa və sosial sığorta haqqı ödəmirsə, ona əmək pensiyası deyil, qocalığa görə müavinət verilir. Həmin müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir".
İşi nəhayət ki sona çatdırmaq ümidi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə də sorğu göndərdik. Nazirlikdən isə Modern.az-a yenidən Statistika Komitəsinə müraciət etmək tövsiyə olundu.
Sonda əl hər yerdən üzüləndə belə bir yarımçıq mənzərə alındı. Yəni 100 və 100 yaşı adlamış vətəndaşların dəqiq sayı “dövlət sirri” olaraq qaldı. Dövlət qurumlarının quru cavablarında ən müəmmalı məqam isə sözügedən insanların pensiya almaq hüququndan məhrum olması idi.
Ümid yalnız onadır ki, bəlkə bu fakta nə vaxtsa aydınlıq gətiriləcək. Amma Modern.az bu məsələnin çözümünü 100 il gözləmək fikrində deyil.
Gültəkin ƏLƏSGƏR