Modern.az

Namizədlərin mitinq hazırlığı: Araz Əlizadə mitinq edənləri “dar düşüncəlilər” adlandırdı

Namizədlərin mitinq hazırlığı: Araz Əlizadə mitinq edənləri “dar düşüncəlilər” adlandırdı

Aktual

24 Sentyabr 2013, 13:31


Seçki ərəfəsində prezidentliyə namizədlərini irəli sürmüş siyasi partiyaların passivliyi müşahidə olunur. Belə ki, partiyalar namizədlərinin təbliğat-təşviqat kampaniyası üçün mitinq keçirmirlər. Siyasi mənzərə onu deməyə əsas verir ki, hakim Yeni Azərbaycan Partiyası və Demokratik Qüvvələrin Milli Şurası mitinqlərlə bağlı daha aktiv fəaliyyət göstərirlər. Yerdə qalanların isə görüş xarakterli canlı ünsiyyəti çıxmaq şərti ilə mitinq keçirmək istəkləri nəzərə çarpmır.

Modern.az məsələ barədə BAXCP, Ümid Partiyası, ADP VƏ ASDP-dən münasibət öyrənib.

BAXCP-nin prezidentliyə namizədi, Qüdrət Həsənquluyev mitinq keçirmək barədə düşünür. Partiyanın səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli qeyd edib ki, yaxın saatlarda məsələ ilə bağlı mətbuat orqanlarına məlumat veriləcək.

Ümid Partiyası seçki kampaniyasının yekunlaşması ərəfəsində Bakı şəhərində böyük mitinq keçirməyi planlaşdırır. Bu haqda partiyanın prezidentliyə namizədi, millət vəkili İqbal Ağazadənin seçki qərargahının rəhbəri Taleh Əliyev məlumat verib.

ADP-də ciddi maliyyə sıxıntıları olduğundan hər hansı bir aksiya və ya mitinq keçirmək nəzərdə tutulmur. Bu haqda ADP-dən prezidentliyə namizəd Sərdar Məmmədovun (Cəlaloğlu) seçki qərargahının rəhbəri Həsrət Rüstəmov suallarımızı cavablandırarkən deyib. Onun sözlərinə görə, vaxt məhdudiyyəti və maliyyə resurslarının kifayət qədər olmamağı ADP-nin mitinq qərarı verməsinə mane olur.

“Biz yalnız qapıdan-qapıya kampaniyası və telefon zəngləri vasitəsilə namizədimizə səs verməyə çağırırıq. Bakı şəhərində bizim partiyanın üzvləri ev-ev gəzib Sərdar  Cəlaloğlunun təbliğat materiallarını yayacaqlar və həmin evlərdə namizədimiz haqqında söhbətlər edəcəklər”.

Partiya rəsmisi bildirib ki, onların canlı ünsiyyət kampaniyası yalnız Azərbaycanın bölgələrində görüşlər keçirməklə kifayətlənəcək. ADP hesab edir ki, paytaxt Bakı şəhərində görüşlər seçiciləri cəlb etmək baxımından heç bir əhəmiyyət daşımır.

ASDP isə indiki şəraitdə mitinq keçirməyi ümumiyyətlə məqsədəuyğun saymır. Partiyanın sədri və prezidentliyə namizədi Araz Əlizadə qeyd edib ki, televiziya və radiodakı çıxış, 50 min buklet və 1000 plakat onun təbliğatı üçün bəs edər. O bildirib ki, artıq mitinqlərin vaxtı keçib.

“Mitinq keçirməyin mənasızlığını bəzi dar düşüncəli siyasətçilər başa düşmürlər. Mitinq ümummilli məsələlərə görə insanların küçələrə çıxıb etiraz etməsi idi. Azərbaycanda ilk mitinqlərin təşkilatçısı mən və dostlarım olub. 1988-ci ilin 16-18 may mitinqlərində yataqxanalara gedib camaatı etiraza səsləmək kimi bir iş görmüşük. İndi isə mitinqlərin vaxtı keçib. Mitinqin şitini-şorunu AXC çıxartdı və insanları pula öyrətdi”, – deyə A.Əlizadə mövqeyini bölüşüb.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı