Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin müavini, Tərəfdaşlıqlar üzrə baş köməkçisi və Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi səfir Kevin Hamiltonla görüşüb.
Modern.az xəbər verir ki, görüş Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, tərəflər Azərbaycan–NATO arasında uzunmüddətli əməkdaşlığın əhəmiyyətini vurğulayaraq “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində həyata keçirilən fəaliyyətləri diqqətə çatdırıblar.
Müzakirələr zamanı enerji təhlükəsizliyi və kritik infrastrukturun qorunması sahələrində tərəfdaşlığın daha da inkişaf etdirilməsi perspektivləri nəzərdən də keçirilib.
Nazir həmkarını regional inkişaflar, o cümlədən Ermənistanla post-münaqişə normallaşma prosesi, azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri və davamlı sülhə nail olunması istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.
Həmçinin qlobal təhlükəsizlik çağırışları, Yaxın Şərqdə gərginliyin azaldılması, beynəlxalq humanitar hüquqa hörmət və mülki əhalinin qorunması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.